VVAQ məsələləri haqqında məlumat

Doğumun qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

  1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
     
  2. Valideynlərin nikah haqqında şəhadətnaməsi;
     
  3. Valideynlərin doğum haqqında şəhadətnaməsi;
     
  4. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
     
  5. Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
     
  6. Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
     
  7. Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
     
  8. Valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd;
     
  9. Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
     
  10. Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
     
  11. Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-4.3-cü maddəsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir. 

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Valideynlər və ya onlardan biri;
     
  2. Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

  1. nikaha daxil olan şəxslərin yazılı razılığı;
     
  2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
     
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
     
  4. subaylıq haqqında arayış;
     
  5. dövlət rüsumunun ödənilməsi barədə qəbz
     
  6. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:

1. nikahın qeydə alınması və bu barədə
şəhadətnamənin verilməsinə görə -      40$ ABŞ dolları

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

  1. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
  2. Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
  3. Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  6. Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
  9. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə Azərbaycan Respublikasının icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Uşaq 18 yaşına çatanadək onun valideynləri;
  2. Ərizə verən şəxsin özü;
  3. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 50 ABŞ dolları dövlət rüsumu ödənilir.

  • Ödəniş ancaq Millennium Bank və filiallarında edilə bilər.
  • S.W.I.F.T: BIGBPLPWXXX
  • 18 1160 2202 0000 0000 4793 8268 (USD)

Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

1.Vətəndaşın ərizəsi;

2.Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə);

3.Yaşayış yeri haqqında arayış;

4.Ərizəçinin Polaşada daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi

5.Səfirliyin bank hesabına 30$ məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz;

  • Ödəniş ancaq Millennium Bank və filiallarında edilə bilər).
  • S.W.I.F.T: BIGBPLPWXXX
  • 18 1160 2202 0000 0000 4793 8268 (USD)

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.