Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə dair

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) tələb edilir. Xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
qaydalarına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli, 212 nömrəli qərarı, http://www.e-qanun.az/framework/185) əsasən lisenziya sahibi Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə vasitəçilik etdikdə aşağıdakı qaydalara riayət etməlidir:

- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkədə işə düzəlməsi haqqında xarici işəgötürənlə imzalanmış müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlarını həmin müqavilə əsasında işləmək üçün xarici ölkəyə göndərə bilər.

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə əmək miqrasiyasına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı ixtisaslar üzrə müvəqqəti məhdudiyyətlər qoyulubsa, həmin ixtisaslar üzrə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə yol verilmir.

- Müqavilə əsasında xarici ölkələrdə işə düzəldilən Azərbaycan Respublikası vətəndaşları haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə illik məlumat təqdim etməlidir.

- Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladığı müqavilələrdə və təklif olunan əmək müqaviləsində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunması nəzərdə tutulmalıdır.

- Xarici ölkədə işə düzəldilməsi ilə bağlı xidmətə görə haqq almamalıdır.

- Azərbaycan Respublikasının vətəndaşı ilə xarici işəgötürən arasında bağlanılacaq əmək müqaviləsinin Azərbaycan Respublikası vətəndaşı ölkəni tərk etməzdən əvvəl ona verilməsini təmin etməlidir.