2017-09-26
Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi Varşavanın Kral Sarayında qeyd edilmişdir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zalı olan Kral Sarayında təntənəli konsert təşkil edilmişdir.

Varşava şəhərində keçirilmiş təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violonçel ifaçısı Aleksey Miltıx çıxış etmişlər. Konsertdə M.Rostropoviçə həsr edilmiş və onun tərəfindən ifa edilən əsərlərlə yanaşı, Üzeyir Hacıbəyov, Fərhad Bədəlbəyli, Robert Şuman, və başqalarının əsərləri ifa edilmişdir.

Konserti giriş sözü ilə açan Kral Sarayının konsert proqramlarının təşkilatçısı Aleksandra Buşta Azərbaycan və M.Rostropoviç haqqında məlumat vermişdir.

Konsert çox böyük uğurla keçmişdir. Konsertdə Polşa hökumət nümayəndələri, o cümlədən Polşa Seym və Senatının deputatları, Polşada akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, Azərbaycan icmasının üzvləri və iş adamları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi


növbəti xəbər əvvəlki xəbər