2019-01-21
Varşavada Azərbaycanlı dirijor Fuad İbrahimovun konserti olmuşdur

17 yanvar 2019-cu il tarixində Varşava şəhərində yerləşən Polşa Radio Konsert Studiyasında "Sinfonia Varsovia" simfonik orkestrının konserti baş tutmuşdur.  Orkestra Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrının dirijoru, eyni zamanda Yeni Münxen Simfonik Orkestrının baş dirijoru Fuad Ibrahimov rəhbərlik etmişdir. Fuad İbrahimov "Sinfonia Varsovia" orkestrın rəhbəri Yanuş Marınovski tərəfindən dəvət olunmuşdur.

Konsertin proqramı tanınmış polyak bəstəkarları Qrajina Batseviç, Miçıslav Vaynberg, görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin və bir sıra digər bəstəkarların əsərlərindən ibarət olmuşdur.

Qonaqlar arasında Polşa Elmlər Akademiyasının İncəsənət tarixinin əsaslarının araşdırılması üzrə Mərkəzin rəhbəri, eyni zamanda Varşava İncəsənət Akademiyasının lektoru dos. Marçin Zqlinski də olmuşdur. O, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Həsən Həsənov ilə söhbəti zamanı Azərbaycan musiqisinə, xüsusən də Üzeyir Hacıbəyliyə olan vurğunluğunu qeyd etmiş, həmçinin 2018-ci ilin oktyabr ayında Moskvada AR-ın Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən təşkil edilmiş Qara Qarayevin yüz illiyinə həsr olunmuş konsertdə iştirak etdiyini bildirmişdir.

Yüksək səviyyədə təşkil olunmuş konsert alqışlarla qarşılanmışdır. 

əvvəlki xəbər