2019-10-17
“Yejı Novakovskinin çıxışından belə təəssürat yaranır ki, o, Polşanın Ermənistandakı səfiri deyil, əksinə Ermənistanın Polşadakı səfiri olmuşdur...”

Cari ilin 10-11 oktyabr tarixlərində Polşanın Jeşuv şəhərində “Qafqaz: Keçmişin təcrübəsi, gələcəyin perspektivləri” mövzusunda elmi konfrans keçirilmişdir. Konfrans Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10-cu ildönümünə həsr edilmiş və Polşa Xarici İşlər Nazirliyi ilə Jeşuv Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Elmi konfransda Polşa, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Ukraynadan nümayəndələr iştirak etmişlər.  

Konfransda “Dağlıq Qarabağ qlobal siyasətin girovu” mövzusunda çıxış edən Polşanın Ermənistandakı sabiq səfiri Yerji Novakovski Dağlıq Qarabağın tarixi və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətə uyğun olmayan, tamamilə təhrif edilmiş məlumatlar vermişdir.

Elmi konfransda iştirak edən Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin əməkdaşı Sadiq Babayev Yejı Novakovskinin məlum çıxışından dərhal sonra söz almışdır. Səfirliyin əməkdaşı bildirmişdir ki, Yejı Novakovskinin çıxışından belə təəssürat yaranır ki, o, Polşanın Ermənistandakı səfiri deyil, əksinə Ermənistanın Polşadakı səfiri olmuşdur və çıxışı əvvəldən sona qədər Ermənistan tərəfinin tamamilə yalanlardan ibarət mövqeyinə əsaslanır. Səfirliyin əməkdaşı daha sonra 1805-ci ildə Çar Rusiyasının nümayəndəsi Sisiyanov ilə Qarabağ xanı İbrahim xan arasında bağlanmış Kürəkçay müqaviləsini qeyd edərək bildirmişdir ki, orada ermənilərlə bağlı heç bir ifadə mövcud deyil. Bununla yanaşı, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin şərtlərinə əsasən ermənilərin kütləvi şəkildə Qarabağ və İrəvan xanlıqlarının ərazisinə yerləşdirildiyi bununla da bölgədə demoqrafiyanın ermənilərin xeyrinə dəyişdiyi bildirilmişdir. Daha sonra qeyd edilmişdir ki, Qarabağ bölgəsi 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasının ərazisinin tərkib hissəsi olmuşdur. O dövrdə İrəvan şəhəri, Sovet dönəmində isə Zəngəzur bölgəsi  Ermənistan tərəfindən Azərbaycana olan bütün əsassız ərazi iddialarına son qoymasının şərti ilə Azərbaycan tərəfindən Ermənistana güzəştə gedilmişdir. Geniş auditoriya qarşısında Yejı Novakovskiyə bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistan Respublikasının ölkəmizə olan ərazi iddialarından və işğalçılıq siyasətindən irəli gələrək mövcuddur və Dağlıq Qarabağ bölgəsi də daxil olmaqlar ərazilərimizin 20 faizi hazırda Ermənistan tərəfindən işğal edilmişdir. Bu faktı təsdiqləyən BMT-nin 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərarları mövcuddur. Beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri, o cümlədən Polşa Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Yejı Novakovski onun fikirlərini ifşa edən bu dəlillərdən sonra bütün auditoriyanın önündə çıxış edərək bəyan etmişdir ki, “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquqla qəbul edilmiş ərazisidir”.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

17 oktyabr, 2019-cu il

növbəti xəbər əvvəlki xəbər