Viza haqqında məlumat

Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi (bundan sonra - çempionat) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2.2. çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

3.1. təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2017-ci il avqustun 15-dən oktyabrın 15-dək;

3.2. çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2017-ci il sentyabrın 1-dən oktyabrın 10-dək;

3.3. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Voleybol Konfederasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

4.2. çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuş həyata keçirən aviasiya şirkətlərinə çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurunun sadələşdirilməsi barədə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2017-ci il.

 

 

 

 

 

 

 

Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin 5 aprel tarixli Sərəncamına əsasən Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi (bundan sonra - çempionat) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

 

            Viza alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı sənədlərdən birini təqdim etməlidir:

            1. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2. çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

             Çempionatla ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

1. təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2017-ci il avqustun 15-dən oktyabrın 15-dək;

2. çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2017-ci il sentyabrın 1-dən oktyabrın 10-dək;

3. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək.

 

Eyni zamanda, Çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

 


    1. Viza rəsmiləşdirilməsi üçün tələb olunana sənədlər:
  •  Doldurulmuş ərizə forması.
  • Ərizə Səfirliyin http://eapplication.mfa.gov.az/visa/#/ saytında onlayn rejimdə doldurulur.  Ərizə çap edilir və ərizəçi şəxsən ərizə blankını və digər tələb olunan sənədləri təqdim edir (11 yaşınadək uşaqlar iştirak etməyə bilərlər).

Yetkinlik yaşına çatmamış uşaqların anketi valideynlərdən biri və ya qanuni qəyyum tərəfindən imzalanır və təqdim olunur. Yəni, valideynlərdən birinin və ya qanuni qəyyumun pasportuna daxil edilmiş və yaxud şəxsi pasportlara malik yetkinlik yaşına çatmamış uşaq üçün ərizə təqdim olunur və viza valideynlərdən birinin və ya qanuni qəyyumun pasportuna və ya yetkinlik yaşına çatmamıış şəxsin öz pasportuna vurulur.   

  •  Bir ədəd rəngli şəkil, 3,5 x 4,5 sm, yəni biometrik, aydın, təmiz və kontrastlı, yüksək keyfiyyətli ağ fonlu foto kağızda çap olunmuş, son 6 ay ərzində çəkilmiş və ərizəçini eyniləşdirməyə imkan verən, anfas, şəkildə ərizəçi başının yuxarı hissəsindən çiyinlərin yuxarı hissəsinə qədər əks olunmalı, gözləri və sifəti hər iki tərəfdən aydın göstərilməlidir – şəkildə baş 70-80% yer tutmalıdır. Şəkildə ərizəçinin başında örtük olmamalı, düz baxmalı, ağız bağlı,  sifət saçlarla örtülməməlidir. Ərizəçi eynək taxdığı halda şəkil aşağıda verilmiş meyarlara cavab verməlidir: şüşələr tündləşdirilməmiş, çərçivə gözün heç bir hissəsini bağlamamalıdır, işıq ləkələri olmamalıdır.
  • Xarici pasport və xarici pasportda şəkil olan vərəqin kserosurəti. Pasport imzalı olmalı və vizanın qurtaracağı müddətdən sonra ən azı 3 ay ərzində etibarlı olmalıdır. Xarici pasportda viza üçün ən azı 2 boş səhifə olmalıdır. Əvvəlki Azərbaycan vizaları olan səhifələrin surətini əlavə etmək lazımdır.  

Köhnə (etibarsız) xarici pasportu və Azərbaycan vizaları olan səhifələrin surətini digər sənədlərlə birlikdə təqdim etmək lazımdır.  

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • İş yerindən arayış - əsli (ingilis dilində. Polyak dilində olduqda ingilis dilinə tərcümə əlavə edilməlidir)

Əməkdaşlar üçün: idarənin/təşkilatın loqotipi və rekvizitləri ilə orijinal blankda, vəzifə, əmək stajı və aylıq əmək haqqı göstərilmiş iş yerindən arayış

Sahibkarlar üçün: Dövlət qeydiyyatı barədə şəhadətnamənin əsli və ya onun notariusda təsdiq edilmiş sürəti (dövlət reyestrindən çıxarış). VÖEN şəhadətnaməsinin əsli və surəti

Tələbələr və şagirdlər üçün: təhsil müəssisəsindən arayış (ingilis dilinə tərcümə edilməlidir)

Təqaüdçülər üçün: təqaüdçü vəsiqəsi ( (əsli və sürəti) İngilis dilinə tərcümə edilməlidir)

Yetkinlik yaşına çatmamış ərizəçi tək səyahət etdikdə hər iki valideyndən və yaxud qanuni qəyyumunundan, valideynlərin biri ilə səyahət edirsə, digər valideyndən notariusda təsdiq edilmiş etibarnamə (əsli və surəti) tələb olunur. Etibarnamənin alınması qeyri-mümkün olduğu halda – razılığın verilməmə səbəbini təsdiq edən sənəd (valideynlərdən biri olduğu haqqında arayış və s. ). Doğum haqqında arayış (əsli və surəti). Valideynlərin/qanuni qəyyumun pasportlarının surəti, birgə səyahət zamanı etibarlı vizaların surəti.

  • Viza anketinin baxılmasına dövlət rüsumu (Polşa və Avropa İttifaqına daxil olan ölkələri üçün vətəndaşlarına adi və çox keçidli vizaların rüsumu 35 avro.  
  • Tranzit viza üçün adi birdəfəlik  giriş -20 USD
  • Tranzit viza ikidəfəlik giriş 20 USD
  • (Viza verilmədiyi halda rüsum geri qaytarılmır. Ödəniş ancaq Millennium Bank və filiallarında edilə bilər).
  • S.W.I.F.T: BIGBPLPWXXX
  • 80 1160 2202 0000 0000 8369 4553 (EUR)
    18 1160 2202 0000 0000 4793 8268 (USD)

 Tranzit kateqoriyalı viza -  təyinat ölkəsinə səfər edən və Azərbaycan Respublikasından tranzit keçən şəxslər üçün rəsmiləşdirilir. 

  •  Birdəfəli tranzit vizası - etibarlıq müddəti 1- 5 gün, dövlət rüsumu – 20 Avro;
  •  Tranzit viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  •  viza almaq üçün ərizə-anket (doldurarkən çap hərflərindən istifadə edilməlidir);
  •  pasport və surəti (pasport - etibarlılıq müddəti viza verildiyi  gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
  •  biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
  •  dövlət rüsumunun ödənilməsi barədə qəbz

Aşağıdakı kateqoriyalardan olan şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:

  1. Avropa İttifaqının yuxarıda adları sadalanmış ölkələrinin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, yaşı 12-dən aşağı olan və ya asılı olan uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr;
  2. Rəsmi nümayəndə heyətlərinin üzvləri;
  3. Mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səyahət edən şagird, tələbə, doktorantlar və onları müşayiət edən müəllimlər;
  4. Fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər;
  5. Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
  6. Universitet və digər mübadilə proqramları da daxil olmaqla, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər
  7. Təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübüt edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;
  8. Mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslarda iştirak etmək məqsədilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
  9. Təqaüdçülər;
  10. 12 yaşadək olan uşaqlar;
  11. Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.

 Əlavə tələblər:

Rəsmi nümayəndə heyətlərin üzvləri üçün:

  • Polşa tərəfi üçün rəsmiləşdirilmiş rəsmi dəvətnamə
  • Polşa hakimiyyət orqanlarından nota və ya Azərbaycandan dəvət edilmiş nümayəndə heyətinin üzvü olduğunu və müvafiq tədbirlərdə iştirak edəcəyini təsdiq edən məktubun əsli

Sahibkarlar və biznes-strukturların nümayəndələri üçün:

Firma, hüquqi şəxs, büro, hüquqi şəxsin filialı və ya firmasından müəyyən müddətli və qalma müddəti göstərilmiş dəvətnamənin əsli*; dövlət müəssisəsindən və yaxud Azəarbaycanin yerli hakimiyyət orqanından dəvətnamənin əsli; Azərbaycan ərazisində keçiriləcək sərgi, konfrans, simpoziumları təşkil edən komitədən dəvətnamənin əsli;

*Dəvətnamə aşağıdakı məlumatı əhatə etməlidir: hüquqi şəxs, büro, cəmiyyət, hüquqi şəxsin  şöbəsi və yaxud üzv dövlətin ərazisində yerləşən cəmiyyət dəvət etdikdə - bütöv ad, ünvan və həmin üzv dövlətinin daxili qanunvericiliyinə uyğun olan formada qeydiyyat nömrəsi   

Şəxsi dəvətnamələr

  • Polşa Respublikasında ailə qurmuş, daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı, Polşa vətəndaşı olan ailəsini (ər, arvad, övlad və yaxın qohumlarını) Azərbaycan Respublikasına dəvət edə bilər.

Dəvətnamə üçün vətəndaşın ərizəsi, Azərbaycan Respublikasının şəxsiyyətini təsdiq edən sənədi, Polşada yaşaması üçün icazəsi (karta pobytu) olmalıdır.

Vətəndaş cəmiyyəti təşkilatının nümayəndələri, seminar, konfrans, kurs və digər mübadilə proqramlarında iştirak edən şəxslər üçün

  • Qəbul edilən təşkilat tərəfindən verilmiş yazılı sorğu
  •  Şəxsin vətəndaş cəmiyyəti təşkilatını təmsil edilməsi barədə təsdiqi həmçinin müvafiq reyestrdən belə təşkilatın yaradılması üçün arayış

Şagirdlər, tələbələr, diplomlu mütəxəssislər və müəllimlər üçün:

  • Ali məktəbə qəbul olunma haqqında sənədin əsli və yaxud universitet, kollec və ya məktəbə qəbul olunması və həmçinin kursda iştirak haqqında arayış (növ, təhsilin müddəti və xərcləri ödəyən şəxs haqqında məlumat əlavə olunmalıdır)

Beynəlxalq idman tədbirlərin iştirakçıları və müşayiət edən şəxslər üçün:

  • Dəvət edən təşkilatdan – səlahiyyətli hakimiyyət orqanı, Olimpiya komitəsindən dəvətnamənin əsli (tarix, adlar və turnirlərin keçirilmə müddəti göstərilməli, yarışda iştirak etməyə dəvət olunan klub/komandanın adı, təvəllüd və vəzifəni göstərməklə iştirakçıların siyahısı əlavə edilməlidir)
  • İdmançı və idman təşkilatının üzvü olduğunu təsdiq edən sənəd
  • Azarkəşlər olduğu halda: bilet/vauçer

Cənazə mərasimində iştirak etmək məqsədi daşıyan səyahət

  • Ölüm haqqında şəhadətnamə
  • Vəfat etmiş şəxslə qohumluq və ya digər əlaqələrin təsdiqi (məsələn ailə bağları)

Məzarı ziyarət etmək məqsədi

  • Məzarın olmasını və onun mövcudluğu təsdiq edən rəsmi sənəd
  • Vəfat etmiş şəxslə qohumluq və ya digər əlaqələrin təsdiqi (məsələn ailə bağları)

Turistik səyahət:

  • Turistik vizaların alınması üçün Səfirliyin saytında Azərbaycan Respublikasında yerləşən turist agentliklərin siyahısı təqdim olunur. Həmin siyahıda istənilən agentliyi seçib, Azərbaycana səyahət etmək üçün, turistik vizası üçün müraciət oluna bilər.
  • www.evisa.gov.az
  • Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata düşməlidir, əks halda ölkədən çıxış zamanı müvafiq icra qurumu tərəfindən cərimə oluna bilər. qeydiyyat@migration.gov.az

Polşanın LOT hava şirkəti ilə ev heyvanları (pişik və itlər) girişi və çıxışı üçün  Baytarlıq  sertifikatı və baytarlıq Pasport tələb olunur.

******************************

Bir qayda olaraq, yuxarıda göstərilmiş sənədlər vizanın verilməsi üçün yetərlidir,

lakin Konsulluq Şöbəsi əlavə sənədlərin tələb edilməsini öz ixtiyarına buraxır.

Saxta sənədlərin təqdimi və bilərəkdən yanlış məlumatların qeyd edilməsi Azərbaycan  dövlətinə daxil olunmasına icazə verilməməklə nəticələnə bilər.

 

Viza ərizələrinə baxılma müddəti: vizanın verilməsi qərarı ərizənin və əlavə edilmiş sənədlərin təqdim edildiyi andan 10 iş günü ərzində qəbul olunur.

**************************************************************

 

Bildiririk ki, texniki səbələrdən 12.09.2017-cil tarixindən 25.09.2017-ci il tarixinədək Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin Konsulluq bölməsi viza müraciətlərini qəbul etməyəcəkdir. Viza müraciətlərinin qəbulu 26.09.2017-ci il tarixindən etibarən bərpa ediləcəkdir.

Konsulluq bölməsi digər müraciətlərin qəbulu üçün açıq olacaqdır.