2017-05-06
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd etmişdir.

5 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin təşkilatçılığı ilə  bu ölkənin ilk paytaxtı olmuş Qnejno şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir.

Tədbir Qnejno şəhərinin mərkəzi parkında Səfirlik tərəfindən Azərbaycan və Polşa arasında münasibətlərin qurulmasının 540 illiyi münasibətilə ucaldılmış abidənin önündə təşkil edilmişdir. Abidənin üzərində ulu öndərin Polşa haqqında, Roma papası İkinci İoann Pavelin isə Azərbaycan haqqında söylədiyi fikirlər həkk olunmuşdur.

Tədbirdə Qnejno şəhər administrasiyasının rəhbərliyi, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporasının üzvləri, Polşada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. İlk olaraq abidənin önünə əklill və çiçəklər qoyuldu.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin həyatı, onun ölkəmizin çiçəklənməsi, güclü, inkişaf etmiş dövlətə çevrilməsi istiqamətində fəaliyyəti haqqında toplantı iştirakçılarına ətraflı məlumat vermişdir. Xüsusi olaraq ulu öndərin Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd etmişdir.

Tədbirdə çıxış edən Qnejno şəhər rəhbərliyi  Azərbaycan və Polşa xalqlarının həyatında mühüm rol oynamış bu iki şəxsiyyətin fikirləri həkk edilmiş abidənin məhz Qnejno şəhərində ucadılmasından və Heydər Əliyevin anadan olmasının Qnejno şəhərində qeyd edilməsindən qürur duyduqlarını söyləmişdir.

Daha sonra polşalı jurnalist Yatsek Pototski, Polşada fəaliyyət göstərən azərbaycanlı tələbələrin şurası sədri Nail Məmmədzadə də çıxış etmişlər. Tədbirin sonunda qəbul verilmişdir.

Keçirilmiş tədbir haqqında Polşanın analitik “Decydent” internet saytında məqalə dərc edilmişdir (http://decydent.pl/z-kroniki-bywalca-26/).  

növbəti xəbər əvvəlki xəbər