2017-05-15
Görkəmli azərbaycanşünas Tadeuş Şventoxovskinin xatirəsi Varşava Universitetində yad edildi

15 may 2017-ci il tarixində uzun illər ərzində Varşava Universiteti nəzdində fəaliyyət göstərən Şərqi Avropa İnstitutu ilə əməkdaşlıq edən azərbaycanşünas alim Tadeuş Şventoxovskinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Qeyd edək ki, Tadeuş Şventoxovski 15 fevral 2017-ci il tarixində vəfat etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd görkəmli alimin xatirəsinin yad edilməsi, həmçinin hər il Varşava Universitetində təşkil edilən elmi konfransa professorun adının verilməsi ilə bağlı rəsmi sənədin təqdimatı idi. Tədbirdə Varşava Universiteti rəhbərliyinin nümayəndələri, səfir Həsən Həsənov, T.Şventoxovskinin ailə üzvləri, professorun yetirmələri, tələbələri və doktorantları iştirak etmişdir.

Şərqi Avropa İnstitutunun dirketoru Yan Malitski görüşü giriş sözü ilə açaraq qonaqları salamlamışdır. Çıxışı zamanı T.Şventoxovskinin həyat və yaradıcılığı haqqında məlumat verən cənab direktor, həmçinin professorla bağlı xatirələrini də bölüşmüşdür.

Daha sonra söz səfir Həsən Həsənova verilmişdir. İlk öncə tədbir təşkilatçılarına təşəkkürümü bildirərək, səfir qeyd etmişdir ki, T.Şventoxovskinin adı Azərbaycan tarixində çox mühüm yer tutur. Çıxış zamanı xüsusi olaraq vurğulanmışdır ki, professor Azərbaycan haqqında elmi işlər yazarkən ölkəmiz hələ müstəqil bir dövlət deyildi. Hələ o zaman T.Şventoxovski şəxsi təşəbbüsü ilə və təmannasız olaraq Azərbaycan reallıqlarını, tarixi faktları dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

Tədbir zamanı Səfir Həsən Həsənov bildirmişdir ki, Şventoxovski cismən aramızda olmasa da onun xatirəsi daimi olaraq azərbaycanlıların qəlbində qalacaqdır. Çıxışının sonunda hər il Varşava Universitetində təşkil edilən tələbə konfransına T.Şventoxovskinin adının verilməsi təklifini müsbət qiymətləndirən Səfir konfransın gələcək fəaliyyətinə uğurlar arzulamışdır. Səfir həmçinin Azərbaycan xalqının T.Şventoxovskiyə minnətdarlıq hissini əks etdirən xatirə lövhəsinin Varşava Universitetinin binasında qurulmasını təklif etmişdir.

Daha sonra Şərqi Avropa İnstitutunun əməkdaşı David Kolbaya rəsmi olaraq elmi konfransa T.Şventoxovskinin adını verəcək sənədi oxudu. Tədbir zamanı həmçinin tanınmış polşalı bədii-foto üzrə mütəxəssis tərəfidnən xüsusi kağızda hazırlanmış T.Şventoxovskinin rəsmi Bakı Dövlət Universitetinə çatdırılması üçün Səfirliyə təqdim edilmişdir.

Görüşün qeyri-rəsmi hissəsində professorun iş yoldaşları, onu tanıyan müəllim və tələbələr çıxış edərək, professorla bağlı xatirələrini bölüşdülər.

 

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

 

növbəti xəbər əvvəlki xəbər