2017-05-30
Səfir Həsən Həsənov: “Azərbaycan xalqının istəyi odur ki, dünya ölkələri öz ədalətli səsini ucaldaraq silah gücünə zəbt olunmuş torpaqlarımızın azad olunmasını tələb etsinlər”.

25 may 2017-ci il tarixində Varşavada Səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Tədbirdə Polşa Respublikasının Xarici işlər nazirinin müavini Bartoş Çixotski və digər hökumət üzvləri, Polşa Seym və Senatının deputatları, vilayət və şəhər şuralarının  rəhbərləri, Polşa ictimaiyyəti nümayəndələri, diplomatik korpusun üzvləri, iş adamları, Polşada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları, yerli və azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatının təşkil edilməsindən danışmışdır.

Bununla yanaşı Səfir Həsən Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O, vurğulamışdır ki, Azərbaycan xalqının istəyi odur ki, dünya ölkələri öz ədalətli səsini ucaldaraq silah gücünə zəbt olunmuş torpaqlarımızın azad olunmasını tələb etsinlər.

Daha sonra Səfir Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinin çox əsrlik tarixindən, münasibətlərimizin bu günündən söz açarkən bu il həmçinin Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırlamışdır.

Polşa hökuməti adından xarici işlər nazirinin müavini B.Çixotski çıxış edərkən tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik etmişdir. Nazir müavini Bartoş Çixotski iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna işarə etmişdir. Ölkə rəsmiləri arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğuna toxunan Polşa rəsmisi nəqliyyat və infrastruktur, kənd təsərrüfatı, energetika, iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq layihələrindən danışmışdır.

Tədbir Azərbaycan və Polşa incəsənət nümayəndələrinin ifası ilə davam etmişdir. Polşalı xanım Edita Kusior “Sarı gəlin”, Tərlan Şahbazov isə “Azərbaycan” mahnılarını oxumuşlar. Mahnıların ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Tədbir çərçivəsində ziyafət təşkil olunmuş, Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilmişdir.

növbəti xəbər əvvəlki xəbər