2018-06-10
Quba Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Polşada səfərdə olmuşdur

Cari ilin 7-10 iyun tarixlərində Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri Polşa Respublikasının Lubelski povyatına səfər etmişlər. 7 iyun 2018-ci il tarixində Belzıçe qminasında yerləşən Nikolay Kopernik adına məktəb kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Polşa Respublikasının müstəqilliyini bərpa etməsinin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə nümayəndə heyəti ilə birgə Lubelski povyatının starostası (başçısı) Pavel Pikula, Beljıçe qminasının burmistrı (meri) Rışard Qura və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə nümayəndə heyətinin rəhbəri Aydəmir Manafov, Pavel Pikula və məktəbin direktoru Eljbeta Kaşlikovska nitqlə çıxış etmişlər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Polşa Respublikasının müstəqilliyini bərpa etməsinin 100 illiyinin əhəmiyyəti vurğulanmış, iki ölkə arasında dostluq əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılmışdır.

N.Kopernik adına məktəbdə Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov (1794-1847) və polyak riyaziyyatçısı və astronomu Nikolay Kopernikin (1473-1543) şərəfinə xatirə lövhəsi qurulmuşdur. Eyni xatirə lövhəsi Quba şəhərində yerləşən 2 saylı tam orta məktəbdə qurulmuşdur.

Həmçinin 7 iyun tarixində başlayaraq N.Kopernik adına məktəbdə müasir Bakıya və Bakıda polyakların memarı olduğu arxitektura nümunələrinə həsr edilmiş sərgi fəaliyyətə başlamışdır. Eyni zamanda 7 iyun tarixindən başlayaraq bu məktəbdə “Əli və Nino” filminin nümayişi başlamışdır.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Nümayəndə heyəti Lubelski povyatı ərazisində fəaliyyət göstərən müxtəlif istehsalat və emal müəssisələrini, kənd təsərrüfatı məhsullarının yetişdirildiyi fermer təsərrüfatlarını ziyarət etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər