2018-09-04
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Polşa Respublikasına səfər etmişdir

Cari ilin 3-4 sentyabr tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşaya səfər etmişdir.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərovun Polşa Respublikasının xarici işlər naziri cənab Yatsek Çaputoviç, infrastruktur nazirinin müavini, Azərbaycan-Polşa nəqliyyat və logistika işçi qrupunun Polşa tərəfindən həmsədri cənab Andjey Bittel, habelə bu ölkənin sahibkarlıq və texnologiya naziri, eyni zamanda Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Polşa tərəfindən həmsədri xanım Yadviqa Emileviç ilə görüşləri baş tutmuşdur. Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak etmişdir.

Polşa rəsmiləri ilə baş tutmuş görüşlərdə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının fəaliyyətinin genişləndirilməsi, habelə effektiv və səmərəli şəkildə təşkili, komissiyanın növbəti iclasının Bakıda keçirilməsinə hazırlıq məsələləri, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmiş, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Qeyd edilən görüşlərdə həmçinin hər iki ölkənin iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilmişdir.

Səfər çərçivəsində eyni zamanda Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyevin moderatorluğu ilə Azərbaycan və Polşa iş adamlarının iştirak etdiyi iqtisadi dəyirmi masa təşkil edilmişdir. Hər iki ölkənin aparıcı iş adamlarının iştirak etdiyi dəyirmi masada ticarət əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı investisiya yatırımları və birgə müəssisələrin təşkili barədə fikir mübadiləsi aparılmışdır.

Rəsmi nümayəndə heyəti və iş adamları səfər çərçivəsində Varşavadakı Yuzef Polinski adına parkda ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət etmişlər. Qeyd edilən abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılmışdır.

növbəti xəbər əvvəlki xəbər