2018-10-03
Varşavada Bilkent Universitetinin və Varşava universitetinin təşkilatçılığı ilə konfrans keçirilmişdir.

Cari ilin 26-27 sentyabr tarixində Varşava Universitetində Türkiyənin Bilkent Universitetinin və Yunis Əmrə Mərkəzinin təşkilatçılığı ilə 13-cü Beynəlxalq böyük Türk dili qurultayı keçirilmişdir. Qurultayda ölkəmizdən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına dilçilik institutunun direktoru, filologiya elmləri doktoru, akademik Möhsün Nağısoylunun rəhbərliyi ilə Azərbaycan və Türk dillərinin filologiyası üzrə ixtisaslaşmış 10 alim, Türkiyə Konya –Selçuk Universitetindən isə 1 azərbaycanlı alim iştirak etmişlər.

Tədbirin açılışında Varşava Universitetinin Şərqşünaslıq kafedrasının rəhbərliyi və Türkiyədən gəlmiş Bilkent Universitetinin rəhbər heyəti ilə yanaşı Səfir Həsən Həsənov və Türkiyə Respublikasının Səfiri Tahsın Tunc da çıxış etmişlər.

Səfir Həsən Həsənov çıxışında Azərbaycan dilinin müasir problemləri barədə qurultay iştirakçılarına öz fikirlərini çatdırdı. Çıxış iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycanlı iştirakçılar konfransın plenar iclaslarında türk və Azərbaycan dilləri ilə bağlı müxtəlif elmi mövzularda  çıxışlar etmişlər.

 

****

Qurultayın növbəti günü - 17 sentyabr tarixində  Səfir Həsən Həsənovla birgə Azərbaycandan gəlmiş nümayəndələr Varşavadakı Yuzef Polinski adına parkda ucaldılmış Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət etmişlər. M.Sulkeviç Azərbaycan uğrunda, V.Yadigar isə Polşa uğrunda vuruşmuş və həlak olmuşlar. Abidə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AR Müdafiə Nazirliyinin yardımı ilə və Səfirlik tərəfindən həyata keçirilmişdir  Səfir abidəsi ucaldılmış şəxsiyyətlər barəsində iştirakçılara ətraflı məlumat vermiş, onların keçdiyi şərəfli ömür yolu barədə danışmışdır.

Azərbaycanlı qonaqlar abidənin önünə gül çələngi qoymuşlar, xatirə şəkli çəkilmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

02 oktyabr 2018-ci il

növbəti xəbər əvvəlki xəbər