2018-12-21
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məqalə dərc olunub

Polşanın nüfuzlu “Ambasador” jurnalının 36-cı nömrəsində polyak və ingilis dillərində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı məqalə dərc edilib.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edib və beynəlxalq arenada tanınıb. Təəssüf ki, Azərbaycanın müstəqilliyi uzun sürməyib və 1920-ci il aprelin 28-də ölkədə sovet hakimiyyəti qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq Cümhuriyyət qısa müddətdə ciddi tədbirlər həyata keçirib, milli ordu və milli bank yaradılıb, yeni pul vahidi dövriyyəyə buraxılıb. Ölkənin himni, gerbi, üçrəngli bayrağı qəbul edilib. Qadınlara ilk dəfə seçki hüququ verilib, Azərbaycan dili dövlət dili olaraq qəbul edilib.

Diqqətə çatdırılır ki, 1830-cu və 1860-cı il üsyanlarında iştirakına görə sürgün edilmiş polyaklar suveren dövlətin formalaşması kimi gözəl prosesdə iştirak ediblər. Onlar yeni yaradılmış dövlətin strukturlarında müxtəlif vəzifələr tutublar. Polyaklar Azərbaycan şəhərlərinin, sənayenin inkişafına da töhfə veriblər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bir çox azərbaycanlı siyasi mühacirlər Polşada sığınacaq tapıblar.

Bildirilir ki, 1991-ci ildə Azərbaycan Sovet İttifaqının tərkibindən çıxıb və müstəqilliyini bərpa edərək özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Cümhuriyyətin bayrağı, himni və gerbi milli dövlət rəmzləri olaraq qəbul edilib.

Məqalədə Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir barədə ətraflı məlumat verilir. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun tədbirdəki çıxışından fikirlər oxucuların diqqətinə çatdırılır.

növbəti xəbər əvvəlki xəbər