2019-02-27
Azərbaycan Polşadakı Səfirliyində Xocalı Soyqırımı qurbanlarının xatirəsi anılıb.

22 fevral 2019-cu il tarixində səfirlikdə keçirilmiş tədbirdə Polşa ictimayyətinin nümayəndələri Varşavanın universitetlərlərində təhsil alan polyak və azərbaycanlı tələbələr, Polşada yaşayan azərbaycanlılar iştirak etmişlər. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev Azərbaycan xalqının XX əsrdə iki dəfə öz dövlət müstəqilliyini bərpa etdiyini və hər iki halda müstəqilliyə gedən yolun çoxsaylı sınaqlardan keçdiyini bildirmişdir. Xalqımıza qarşı ötən əsrin əvvəlində və  sonunda öz havadarlarının köməyi ilə ermənilər tərəfindən həyata keçirilmiş soyqırım hadisələrindən bəhs edən  tarixçi XIX əsrdə Azərbaycana məxsus ərazilərdə Ermənistan dövlətinin yaradılmasının ermənilərin Azərbayacana qarşı ərazi iddialarına son qoymadığını və Xocalı soyqırımının bu hadisələrin davamı olaraq xalqımızın müstəqillik yolunda qarşılaşdığı ən böyük sınaqlardan biri olduğunu bildirmişdir. Çıxışda Azərbaycanın İşğal olunmuş ərazilərinin azad edilməsi və erməni qoşunlarının oradan çıxarılması  barədə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş Qətnamələrin bugünədək icra edilməməsinə də toxunulmuşdur. Dünyada baş vermiş oxşar münaqişələrin qısa müddət ərzində həll oluduğunu qeyd edən natiq otuz ilədək davam edən danışıqların bir nəticə vermədiyini və Azərbaycan-erməni münaqişəsinə münasibətdə ikili standartların hökm sürməsi səbəbindən münaqişənin bu günədək davam etdiyini bildirmişdir. 

Sonra səfir Həsən Həsənov çıxış edərək Xocalı Soyqırımı ilə yanaşı 20 yanvar hadisələri və 1918-ci ildə Azərbaycanlıların Soyqırımı hadisələrindən də bəhs etmişdir.  Sovet qoşunları tərəfindən 20 yanvar 1990-cı il tarixində Bakıda  dinc və günahsız insanların qırılmasından danışan səfir  Polşanın Poznan şəhərində də 1956-cı ildə dinc insanların sovet qoşunları tərəfindən qırılmasını qeyd etmişdir. Daha sonra Həsənov 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi ilə Rusiya komunistlərinin ermənilərlə birlikdə Azərbaycanda qətliamlar törətmək yoluyla Azərbaycan torpaqlarını parçalayıb Dərbənddən Lənkəranadək davam edən bir ərazidə Rusiyanın tərkibində erməni muxtariyyatı yaratmaq məqsədi güddüklərini bildirmişdir. Sonra Səfir 1992-ci ilin fevral ayının iyirmi altısında sovet ordusunun ermənilərlə birlikdə on minlik əhalisi olan Xocalı şəhərində silahsız dinc insanlara qarşı soyqırım həyata keçirdiyini və bu şəhərin yerlə yeksan edildiyini bildirmişdir. Vaxtı ilə  mövcüd olmuş imperialar tərəfindən Azərbaycan və Polyak xalqlarına qarşı törədilmiş çoxsaylı faciələr nəticəsində böyük itkilərə baxmayaraq bu xalqlar qırılmaz iradə və mətinlik hesabına öz müstəqilliklərinə qovuşaraq onu qoruyub saxladıqlarını qeyd etmişdir.

Səfir eyni zamanda Polşada yaşayan hər bir azərbaycanlının xüsusilə gənclərin və tələbələrin Azərbaycanın təbliği və Polşa cəmiyyətinə daha aktiv inteqrasiya olunması ilə bağlı öz tövsiyələrini onlara çatdırmışdır. 

Çıxışlar başa çatdıqdan sonra tədbir iştirakçılarına Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. Film iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.  Filmin nümayişindən sonra iştirakçılara ehsan verilmişdir.

Bundan əlavə, mövzu ilə əlaqədar səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitab və broşürlər iştirakçılara təqdim olunub.

Fevralın 20-dən etibarən Azərbaycanın Varşavadakı səfirliyinin binası üzərində Xocalı soyqırımı ilə bağlı şüarlar asılıb, həmçinin səfirliyin qarşısında “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” stendi yerləşdirilib.

Həmçinin 22.02.2019-cu il tarixində Polşanın Decydent & Decision Maker internet portalında publisit Jacek Potockinin “Xocalının xatirəsinə” başlıqlı məqaləsi dərc edilmişdir.

növbəti xəbər əvvəlki xəbər