2019-10-15
Nümayəndə heyətinin Polşa görüşləri davam edir

Polşada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkənin Xarici İşlər nazirliyinin “Diaspor və xaricdəki polyaklarla əməkdaşlıq şöbəsi”ndə olub. Görüşdə Polşa tərəfdən şöbə müdirinin müavini Slavomir Kovalski, diplomat Rafal Poborski, Azərbaycan tərəfdən isə Komitə sədrinin müavini Faiq Quliyev, Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və digər əməkdaşlar iştirak edib.

Bildirilib ki, bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla polyak yaşayır və onlar daim dövlətin diqqət mərkəzindədir. Görüşdə xaricdə yaşayan polyaklarla işin təşkili, onların harada yaşamasından asılı olmayaraq ana dilini öyrənməsi, geri qayıdış proqramları və digər maraqlı layihələr barədə məlumat verilib.

Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin həyata keçirdiyi layihələr, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmçinin Polşada yaşayan azərbaycanlılarla bağlı ətraflı danışılıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Fondun fəaliyyəti haqqında danışıb və layihələrlə bağlı bəzi məqamları diqqətə çatdırıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Varşava Universitetində olub, tələbə və müəllim kollektivi ilə görüşüblər. Məlumat verilib ki, Universitet “Mən Azərbaycan haqqında nə bilirəm” adlı müsabiqə keçirib və həmin müsabiqənin iştirakçıları bu günkü görüşdə iştirak edirlər.

Qeyd olunub ki, bu qədim Universitetdə Azərbaycanşünaslıq bölməsinin fəaliyyət göstərməsi çox yaxşı haldır.

Görüşdə Universitetin pedaqoqları, azərbaycanlı alimlər Nərgiz Axundova və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Şəhla Kazımovanın çıxışları maraqla qarşılanıb.

Polşalı tələbələr Azərbaycanda olduqlarını və ölkəmizdən böyük təəssüratla qayıt-dıq¬larını bildirərək, ölkəmizə səfərlə bağlı videoçarx da təqdim ediblər.

Universitetə Qarabağın tarixinə və mədəniyyətinə aid kitablar hədiyyə olunub.

http://diaspor.gov.az/xeberler/x852.php

növbəti xəbər əvvəlki xəbər