2019-11-14
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş etdirilmişdir.

Cari ilin 10 noyabr tarixində Polşanın Lodz şəhərində StopTrik adlı beynəlxalq animasiya film festivalı keçirilmişdir. Festivalda bir çox ölkələrin animasiya şirkətləri iştirak etmiş, öz ölkələrinin cizgi filmlərini nümayiş etdirmişlər.  Sözügedən festivalda Azərbaycanı “Animafilm” kinostudiyası təmsil edərək Azərbaycan cizgi filmlərini təqdim etmişdir.

Tədbirdə Azərbaycan cizgi animasiya ilə maraqlanan polyaklar, tələbələr və Polşada yaşayan azərbaycanlılar, o cümlədən Səfirliyin əməkdaşları Emil Ağaəhmədov və Sadiq Babayev ailələri ilə birgə iştirak etmişlər.

Azərbaycan cizgi filmlərinin təqdimatından öncə “Animafilm” kinostudiyasının direktoru Rəşid Ağamaliyev çıxış etmiş, iştirakçılara Azərbaycanın cizgi animasiya tarixi barədə məlumat vermişdir. Daha sonra Azərbaycanın Polşadakı Səfirliyinin əməkdaşı Sadiq Babayev çıxış edərək StopTrik beynəlxalq animasiya film festivalı çərçivəsində təqdim edilən ayrı-ayrı ölkələrə məxsus cizgi filmlərinin izləyicilər tərəfindən maraqla qarşılandığını bildirmiş, eyni zamanda uğurlu təcrübə mübadiləsi olduğunu qeyd etmişdir. Səfirliyin əməkdaşı “Animafilm” studiyasına səfirlik adından təşəkkürünü bildirmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Festivalda təqdim edilmiş “Cırtdan”, “Tıq-tıq xanım”, Cırtdan nəhəng”, “Ithaf” və digər Azərbaycan cizgi filmləri izləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə eyni zamanda Səfirlik tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı xüsusi hazırlanmış masada təqdim edilmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

11 noyabr, 2019-cu il

növbəti xəbər əvvəlki xəbər