2019-12-05
Varşavada İmaməddin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il İmaməddin Nəsimi ili elan edilib və  650 illik yubileyi kimi qeyd edilir. Bununla əlaqədar olaraq cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə  Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq mərkəzində İmaməddin Nəsimiyə həsr edilmiş mühazirə keçirilmişdir.

Mərkəzin müəlliməsi fəlsəfə elmləri doktoru Şəhla Kazımova polyak tələbələrinə İ.Nəsiminin həyat və yaradıcılığı, müəllimi olmuş Fəzlullah Nəimi, tələbələri və hurifilik haqqında geniş məlumat verərək onun Azərbaycan ədəbiyyatında qoyduğu izdən danışmışdır. Bundan başqa İ.Nəsiminin polyak dilinə tərcümə olunmuş rübailərindən də misal çəkərək sufi və hurifi ədəbiyyatı haqqında, aralarındakı fərqdən, orada insanın aliliyindən, möhtəşəmliliyindən bəhs edildiyini izah edərək tələbələrə geniş məlumat vermişdir.


Tədbirdə qonaq qismində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişaf Yardım Agentliyinin (AİDA) əməkdaşları müşavir Gülnarə Ağalarova və I katib Eltay Aslanov da iştirak etmişdilər. Gülnarə Ağalarova tələbələrə qədim dövrdən günümüzə qədər davam edən Azərbaycan-Polşa   arasındakı münasibətlərdən bəhs etmişdir. Həmçinin Bakının bir çox gözəl binalarının polyak memarları tərəfindən inşa edildiyini də vurğulamışdır. Həmçinin tələbələrə Azərbaycan dili ilə məşğul olduqları üçün təşəkkür edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin  təşəbbüsü ilə belə bir mərkəzin fəaliyyət göstərməsi çox sevindirici haldır.

 

növbəti xəbər əvvəlki xəbər