Azərbaycanın Müstəqillik Günü Varşavada təntənəli qeyd olunub
Müstəqillik Gününün 107-cı ildönümü münasibətilə Azərbaycanın Polşadakı Səfirliyə tərəfindən Varşavada, məşhur Bristol mehmanxanasında təntənəli rəsmi qəbul keçirilib. Tədbir məkanının ilk sahibinin Paris Sülh Konfransında Azərbaycan diplomatları ilə tez-tez görüşmüş Polşa nümayəndə heyətinin rəhbəri olmuş İqnasi Yan Paderevski olması rəsmi qəbulun təqdimatı baxımından rəmzi mahiyyət daşıyıb.
Qəbulda Polşanın xarici işlər nazirinin müavini xanım Anna Radvan-Rörenşef, Polşa seyminin vitse marşalı, bir sıra nazir müavinləri, Baş prokuror və Sərhəd xidməti rəisinin müavinləri, hökumət, seym və senatın üzvləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının nümayəndələri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri və Polşa vətəndaşı olan həmvətənlərimiz iştirak ediblər.
İlk olaraq Frederik Şopen adına Musiqi Universitetinin tələbəsi, Rudolf Petrak Beynəlxalq Vokal Müsabiqəsinin qalibi Konstança Molevska tərəfindən Azərbaycan Respublikası və Polşa Respublikasının dövlət himnləri səsləndirilib.
Qonaqları salamlayan Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının mütərəqqi tarixindən danışıb və 107 il əvvəl, 28 may 1918-ci ildə AXC-nin bütün türk və müsəlman dünyasında ilk demokratik dövlət olaraq yaradıldığını qeyd edib. AXC-nin təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm qoyduğu, öz mütərəqqi siyasət ilə seçildiyi vurğulanıb.
Səfir qeyd edib ki, AXC parlamenti qəbul etdiyi 230-dan artıq qanun və qərarla dövlət institutlarının qurulması, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, əsas insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi və səmərəli məhkəmə sisteminə əsaslanan dünyəvi demokratik dövlətin formalaşdırılması istiqamətində ciddi işlər görüb. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına səsvermə hüququ verən AXC qadınlara kişilərlə bərabər siyasi və seçki hüququ təmin ilk dövlətlərdən olub. Polşa AXC-nin beynəlxalq arenada dəstəklənməsi səylərini dəstəkləyib və onun müstəqilliyini tanıyan 23 dövlətdən biri olub. 1919-cu ilədək 16 dövlətin, o cümlədən Polşanın Azərbaycanda diplomatik nümayəndəliyi yaradılıb. Səfir eyni zamanda, dövlətin müxtəlif strukturlarında xidmət etmiş polyak əsilli dövlət xadimlərini xatırlayıb. Qeyd olunub ki, AXC XİN-in Katibliyinin rəhbəri Meçıslav Rudjinski, İnformasiya Bürosunun əməkdaşı Aqqe Kşıkovski, kartoqraf Pavel Koqnovitski, həmçinin Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətində təmsil olunmuş Vitold Marçevski polyak əsilli olub. AXC-nin xarici işlər naziri Məmməd Yusif Cəfərovun həyat yoldaşı Katarjina (Yekaterina) Puxarskanın polşalı əsilzadə ailəsindən olması vurğulanıb. Həmçinin, AXC-yə güclü dəstəyin əlaməti olaraq Titus Filipoviçin başçılıq etdiyi Polşa nümayəndə heyətinin bolşevik işğalından sadəcə dörd gün əvvəl, 24 aprel 1920-ci ildə Bakıda olduğu diqqətə çatdırılıb.
N.Qurbanova daha sonra qeyd edib ki, Azərbaycanın müstəqilliyinin elan olunmasından 107 il, müstəqilliyinin bərpa olunmasından 34 il ötsə də, AXC-nin idealları daim yaşayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara söykənən praqmatik daxili və xarici siyasətin əsasında məhz Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dayanır. Azərbaycanın həyata keçirdiyi siyasətin təkcə ölkəmizi deyil, bütün regionu dəyişdiyi, dövlətimizin tarixdə heç vaxt olmadığı qədər güclü olduğu qeyd olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası zamanı əldə edilən tərəqqi nailiyyətlər xüsusunda Azərbaycanın kollektiv fəaliyyət tələb edən qlobal və regional problemlərin həllinə verdiyi töhfə vurğulanıb. Onilliklər ərzində davam edən Ermənistan işğalından sonra bu gün regionu sülh, təhlükəsizlik və tərəqqi bölgəsinə çevirmək üçün tarixi fürsətin yarandığı diqqətə çatdırılıb. Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyanın qəbulunun 30-cu ildönümü və ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpasının 5 illiyi münasibətilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan olunub.
Çıxışının sonunda səfir Polşa ilə mövcud olan yüksək səviyyəli ikitərəfli əlaqələri qeyd edib. Strateji tərəfdaşlığa, qarşılıqlı hörmətə və tarixi bağlara əsaslanan ümumi baxışın xalqlarımızı birləşdirdiyini qeyd edərək mövcud dostluğun çoxlu ideyaları birlikdə həyata keçirməyə stimul olacağına əminliyi ifadə edib.
Fəxri qonaq qismində çıxış edən Polşanın xarici işlər nazirinin müavini xanım Anna Radvan-Rörenşef nazir Radoslav Şikorskinin təbriklərini çatdırıb. Qonaq münasibətlərin tarixinə nəzər salaraq qeyd edib ki, Polşa Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Rəsmi qəbulun ümumi tariximizi əks etdirməklə yanaşı, Polşa ilə Azərbaycan arasında güclü dostluğu və gələcəyə hesablanmış tərəfdaşlığı bir daha təsdiqlədiyini qeyd edib. Əlavə edib ki, Varşava logistika, təhsil və enerji sahələri də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində böyük potensial görür. Orta Dəhlizin inkişafı iqtisadi inteqrasiya üçün yeni imkanlar açır və Polşa Azərbaycanın strateji rolu dəstəkləyir.
Nazir müavini ölkəsinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini əlavə edib, habelə Cənubi Qafqazda sülh prosesi ilə bağlı son nailiyyətləri alqışladıqlarını vurğulayıb. Polşanın Azərbaycana təkcə etibarlı dost kimi deyil, həm də təhlükəsiz, sabit və firavan regionun qurulmasında mühüm tərəfdaş kimi gördüyünü qeyd A.Radvan-Rörenşef sonda milli bayram münasibətilə Polşa xalqı adından səmimi təbriklərini bir daha ifadə edib.
Çıxışlardan sonra əlamətdar gün münasibətilə Səfirliyinə ünvanlanmış təbrik məktubları barədə qonaqlara məlumat verilib və onlara müxtəlif təam və içkilər təqdim olunub.
Tədbirin rəsmi hissəsindən sonra qəbul daha bir yüksək vəzifəli rəsmi - Polşada səfərdə olan Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu tərəfindən ziyarət olunub. M.Nurtleu tədbirin iştirakçıları ilə söhbət edib, xoş arzularını və səmimi təbriklərini ifadə edib.