“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2026

Varşava şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

17 fevral 2026-cı il tarixində Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Varşavada, tarixi tatar müsəlman qəbiristanlığının ərazisində Xocalı qurbanlarının xatirəsinə yerləşdirilmiş lövhə qarşısında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Anım mərasimində Polşanın dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, Polşa müftisi, ölkənin akademik, ictimai, mədəni xadimləri və Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə ilk olaraq Varşavanın tatar məscidinin imamı İhsan Karaağaç soyqırım qurbanlarının xatirəsinə dualar oxumuş, onların əziz xatirəsi ehtiramla yad etmişdir.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verərək 26 fevral 1992-ci ildə baş vermiş faciəsinin qurbanlarını dərin hüzn və ehtiramla yad edib, həmin gecə Xocalı şəhərinə edilən hücum nəticəsində minlərlə dinc sakinin ağır qış şəraitində şəhəri tərk etməyə məcbur olduqlarını, 613 nəfər — o cümlədən qadınlar, uşaqlar və yaşlıların qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını və girov götürüldüyünü qeyd edərək, girov götürülənlərdən bir qisminin taleyinin bu günədək naməlum olaraq qaldığını vurğulamışdır.

Hadisə ilə bağlı sağ qalanların ifadələri jurnalistlər və beynəlxalq müşahidəçilər tərəfindən sənədləşdirildiyini, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mülki əhaliyə qarşı kütləvi qətllər və ciddi hüquq pozuntuları qeydə alındığını, Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında bu əməlləri xüsusi ağırlıq təşkil edən və müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirilə biləcək hərəkətlər kimi səciyyələndirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır və bildirmişdir ki, bir sıra dövlətlərin parlamentləri və beynəlxalq təşkilatları Xocalıda mülki əhaliyə qarşı törədilmiş qətliamı pisləyən qərar və qətnamələr qəbul etmişdir.

Çıxışında səfir Xocalı faciəsinin silahlı münaqişələr zamanı mülki əhaliyə qarşı törədilən cinayətlərə görə siyasi və hərbi məsuliyyət məsələsini bir daha gündəmə gətirdiyini və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin vacibliyini təsdiqlədiyini bildirmişdir. Cinayətlərin hüquqi qiymətinin verilməsi, təqsirkarların məsuliyyətə cəlb olunması və qurbanların xatirəsinin yaşadılması gələcəkdə belə faciələrin qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.                                                                          

Mərasimdə çıxış edən Polşa Respublikasının Müftisi və İslam Dini Birliyinin sədri Tomaş Mişkeviç Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini böyük hörmətlə yad etmiş, bu hadisənin bəşəriyyət üçün böyük faciə və sülhə çağırış olduğunu vurğulamışdır. Çıxışında o, tarixin qanlı yaddaşına həkk olunmuş bu dəhşətin təkcə Azərbaycan xalqının və müsəlmanların deyil, bütün bəşəriyyətin vicdanına yönəlmiş ağır bir sınaq olduğunu qeyd etmiş, insanlığa qarşı törədilmiş belə cinayətlərin unudulmamasının, gələcək nəsillərə ibrət dərsi kimi çatdırılmasının və dünyada ədalət, qarşılıqlı hörmət və dinc yanaşı yaşama prinsiplərinin möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğulamışdır.

Anım mərasimində çıxış edənn yazıçı, publisist, ssenarist və rejissor Yejı Lubax Azərbaycan xalqının 1992-ci ildə baş vermiş faciəli hadisələrin tarixi yaddaşda qorunmasının vacibliyini önə çəkmiş və həqiqətin düşmənlər tərəfindən təhrif edilməsinə qarşı mübarizənin həm azərbaycanlılar, həm də polyaklar üçün ortaq taleyə çevrildiyini vurğulamışdır. O, azadlıq və suverenlik uğrunda mübarizə aparan xalqın dünyaya tez-tez yanlış təqdim edildiyini qeyd edərək buna qarşı mübarizədə ən güclü silahın həqiqət və tarixi yaddaş olduğunu söyləmişdir. Y.Lubax öz yaradıcılığında Azərbaycanın azadlıq savaşını tanıtmağa çalışdığını, Qarabağın işğaldan azad olunmasını tarixi ədalətin bərpası və “necə qalib gəlmək lazım olduğunu” göstərən nümunə kimi dəyərləndirdiyini bildirmişdir. “Sizin və bizim azadlığımız uğrunda” şüarı kontekstində Polşa–Azərbaycan qardaşlığından bəhs etmiş, Vəli bəy Yadigarın, general Maciej Suleyman Sulkeviçin və 1918-ci ildə Azərbaycanın ilk istiqlaliyyətinin qurulmasında iştirak etmiş polyakların xatirəsi ehtiramla yad etmişdir. Y.Lubax çıxışını marşal Yuzef Pilsudskinin keçmişə hörmət etməyin gələcək üçün şərt olması barədə fikri ilə  yekunlaşdırmışdır.

Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna halva çalınaraq qonaqlara təqdim olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti