“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasına qayıtmaq hüququ verən aşağıda qeyd olunan sənədlərdən biri ilə təmin edirlər:
- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;
- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Diqqət! Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar xarici ölkələrə səfər etmək üçün viza əldə etmək məqsədilə (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında razılaşma olan ölkələr istisna olmaqla) müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.
Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
- ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);
- vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsinin əsli və surəti və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
- Ümumvətəndaş pasportunun əsli və surəti (Pasport korlandıqda və ya müddəti bitdikdə)
- 3x4 ölçüdə iki ədəd (donuq-matoviy) rəngli fotoşəkil (başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur);
- Polşa Respublikasında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənədin suərti (əgər varsa);
- 18-30 yaşlı kişi cinsindən olan müraciətçilər üçün hərbi bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi ilə bağlı arayışın əsli və surəti);
- 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ( razılıq ərizəsi) , həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;
- qan qrupu haqqında tibbi arayış; (şəxsiyyət vəsiqəsi olmadıqda)
- valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Qeyd: İlk dəfə pasport almaq üçün Polşa Respublikası tərəfindən verilmiş doğum şəhadətnaməsi (apostil və tərcümə olunmuş) ilə müraciət edən vətəndaşlar əvvəlcə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və Fin nömrə almaq üçün Səfirliyə müraciət etməlidirlər. Hazır pasportun diplomatik kuryer vasitəsilə Səfirliyə göndərilməsi prosesi sənədlər qəbul olan vaxtdan 2-3 ay müddət tələb edir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununa əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində konsulluq rüsumu alınır.
*Qeyd – Dövlət rüsumu sənədlər qəbul olunduqdan sonra ödənilir. Rüsumun ABŞ dolları ilə təyin olunması səbəbindən, məcbur qalındıqda qeyd olunan dövlət rüsumu ekvivalent məbləğində ZLOTY ilə ödənilə bilər. Bank xidməti xərci rüsuma daxil deyil və ödəyən tərəfindən qarşılanmalıdır.
Ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.
Bank rekvizitləri:
Embassy of the Republic of Azerbaijan
Bank Millennium
S.W.I.F.T: BIGBPLPWXXX
PL80116022020000000083694553 (EUR)
Descrioption : Name and Surname - 25 USD consular fee for passport
Əlavə olaraq sənədlər səfirlik tərəfindən qəbul olunduqdan sonra ümumvətəndaş pasportunuzun hazırlanması üçün aşağıda qeyd olunmuş yaşa uyğun müvafiq dövlət rüsumu onlayn qaydada ASAN PAY və ya ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ödənilməlidir.
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının müddətinin bitməsi ilə əlaqədar yenidən verilməsinə görə:
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.
Qeyd
- Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
- Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
- Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.
- Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.
- Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi zamanı fotoşəkil Səfirlik daxilində xüsusi avadanlıq vasitəsilə çəkilir.