18 oktyabr – Müstəqilliyin Bərpası Günü Varşavada qeyd edilib
Azərbaycanın Polşadakı Səfirliyində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Varşavada 36 nömrəli orta məktəbin müəllim və şagirdləri üçün mühazirə təşkil edilib.
Tədbir çərçivəsində səfir N.Qurbanova şagirdlərə Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumat verib, Azərbaycanın dövlət müstəqilliyinin xalqımız üçün tarixi əhəmiyyətindən, ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mübarizədən, həmin tarixi dövrdə baş verən hadisələrdən danışıb.
O qeyd edib ki, keçən əsrin 80-ci illərinin ortalarında SSRİ-də siyasi və iqtisadi böhranın dərinləşməsi bu imperiyanın süqutunu sürətləndirmiş və milli demokratik qüvvələrin fəal iştirakı ilə xalq hərəkatına təkan vermişdir. Səfir əlavə edib ki, Azərbaycanda xalq hərəkatı dövlət müstəqilliyimizin bərpa olunması ilə nəticələnib.
N.Qurbanova 18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edərək ölkəmizin dövlət müstəqilliyi bərpa etdiyini ifadə edib. Konstitusiya Aktında Azərbaycanın müstəqil, unitar və dünyəvi dövlət olduğu qeyd edilirdi. Beləliklə, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini elan etmişdir.
Səfir bu gün müstəqil Azərbaycanın dövlət atributları olan bayrağımızın, himnimizin, gerbimizin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qaldığını diqqətə çatdırıb. O, qısa müddətdə süquta uğramasına baxmayaraq, Cümhuriyyətin çox böyük tarixi əhəmiyyətindən bəhs edib.
Eyni zamanda, Azərbaycan və Polşa arasında tarixi əlaqələrə toxunan səfir Polşanın Cümhuriyyətin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğuna diqqət çəkib. O, polyakların Cümhuriyyətin həyatında fəal iştirak etdiyini, habelə polyak memarların Bakının memarlıq üslubunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb. N.Qurbanova polşalı mühəndislərin Azərbaycanın neft sənayesinin inkişafına verdiyi töhfədən də söz açıb.
Səfir qeyd edib ki, müstəqilliyin bərpasından sonra da Polşa ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələr davam etdirilib. Ötən dövr ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan sıx əlaqələr qurulub, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq inkişaf edib.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli mətbəxindən nümunələr təqdim olunub və 44 günlük Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunmuş “Qələbə sevinci” adlı foto-sərgi nümayiş olunub.