Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının prioritetləri Polşada keçirilmiş Avropa İqtisadi Konqresində təqdim olunub
22–24 aprel 2026-cı il tarixində Polşanın Katovitse şəhərində sayca 18-ci Avropa İqtisadi Konqresi keçirilmişdir. Azərbaycanın Polşadakı Səfirliyi Konqresdə iştirak etmişdir.
Avropa İqtisadi Konqresi Mərkəzi və Şərqi Avropada biznes nümayəndələrini, siyasətçiləri, alimləri, tədqiqatçıları və yerli idarəetmə orqanlarını bir araya gətirən ən nüfuzlu platformalardan biri olmaqla, artıq 18 ildir ki, Polşa və Avropa iqtisadiyyatının inkişafına təsir göstərən ideya və təşəbbüslərin müzakirə olunduğu mühüm forum kimi çıxış edir.
2026-cı il buraxılışının əsas şüarı “Dialoqun gücü” olmuşdur. Konqres çərçivəsində iqtisadi təhlükəsizlik və suverenlik, yaşıl və rəqəmsal keçid, iqlim gündəliyi və dayanıqlı inkişaf, yeni investisiya modelləri, texnoloji innovasiyalar və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər geniş müzakirə olunmuşdur.
200-dən çox panel müzakirəsi və minlərlə işgüzar görüşü əhatə edən Konqres 1300-dən artıq məruzəçi və 13 500-dən çox iştirakçını bir araya gətirmişdir. Tədbirdə nazirlər və yüksək səviyyəli siyasətçilər, Avropa Parlamenti üzvləri, Polşanın aparıcı bank və enerji şirkətlərinin rəhbərləri, eləcə də tanınmış sərmayəçilər və biznes liderləri iştirak etmişlər.
Konqres çərçivəsində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 23 aprel 2026-cı il tarixində keçirilmiş “İqtisadi əməkdaşlıq – bunu birlikdə gerçəkləşdirək” adlı xüsusi sessiyada çıxış etmişdir. Panel beynəlxalq iqtisadi əməkdaşlıq, yeni təşəbbüslər, əməkdaşlıq potensialının müəyyənləşdirilməsi və institusional dəstəyin rolu kimi məsələlərə həsr olunmuşdur.
Panel müzakirəsi zamanı səfir Polşa ilə Azərbaycan arasında əməkdaşlığın perspektiv istiqamətləri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, iki ölkə arasında əməkdaşlıq xüsusilə ticarət, investisiya, sənaye, nəqliyyat-logistika, enerji və aqrar sahələrdə böyük potensiala malikdir.
Səfir Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat qovşağı kimi rolunu, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində artan əhəmiyyətini vurğulamış, Polşanın isə Avropa İttifaqında mühüm logistika mərkəzi kimi bu əməkdaşlıqda xüsusi yer tutduğunu qeyd etmişdir.
Enerji sahəsinə toxunan səfir bildirmişdir ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi çıxış edir və hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzv dövlətinə təbii qaz ixrac edir. Bu, ölkənin Avropanın enerji təhlükəsizliyində artan rolunu aydın şəkildə nümayiş etdirir. Eyni zamanda bərpa olunan enerji və “yaşıl enerji dəhlizləri” üzrə əməkdaşlıq imkanlarının genişləndiyi vurğulanmışdır.