“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 may 2026

Faşizm üzərində Qələbənin 81 ildönümü Polşada qeyd olunub

Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı Varşava şəhərinin müsəlman-tatar qəbirsanlığında, azərbaycanlı zabit Vəli bəy Yadigarovin məzarı qarşısında tədbir keçirilmişdir. Mərasimdə səfir Nərgiz Qurbanova, Səfirliyin əməkdaşları, Polşada akkreditə olunmuş Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin səfirləri və dini icmanın təmsilçiləri iştirak etmişlər.

Tədbirin əvvəlində Vəli bəy Yadigarın məzarı üzərinə əklil qoyulmuş, onun və müharibədə həlak olmuş bütün soydaşlarımızın ruhuna Qurani-Kərimdən ayələr oxunmuşdur.

Mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova bildirmişdir ki, əhalisi cəmi 3,4 milyon olan Azərbaycan müharibə illərində həm ön cəbhə, həm də arxa cəbhədə mühüm rol oynamışdır. Belə ki, 681 mindən artıq azərbaycanlı müharibədə iştirak etmiş, onların yarıdan çoxu həlak olmuş və ya itkin düşmüşdür. Respublikanın hər beşinci sakininin cəbhəyə yollandığı diqqətə çatdırılmış və qeyd edilmişdir ki, Azərbaycan ərazisində formalaşdırılmış milli diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş, Azərbaycan əsgərləri göstərdikləri igidliyə görə yüksək dövlət mükafatları, yüzdən çox azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

N.Qurbanova həmçinin Azərbaycanın müharibə dövründə enerji təminatında oynadığı mühüm rolu xüsusi qeyd edərək, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə həyata keçirilən elmi nailiyyətləri də vurğulamış, Azərbaycan xalqının arxa cəbhədə göstərdiyi fədakarlıqdan bəhs etmişdir.

Tədbirdə səfir Polşa ilə tarixi əlaqələrə də toxunmuş və görkəmli azərbaycanlı zabit Vəli bəy Yadigarın fəaliyyətini xüsusi qeyd etmişdir. Onun həm Azərbaycan Xalq Cümhuriyyəti ordusunda, həm də Polşa Silahlı Qüvvələrində xidmət etdiyi, İkinci Dünya müharibəsi illərində Polşa müqavimət hərəkatında iştirak etdiyi və 1944-cü il Varşava üsyanının təşkilində mühüm rol oynadığı vurğulamışdı.

Çıxışının sonunda səfir N.Qurbanova qeyd etmişdir ki, bu kimi tədbirlər tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Qələbəyə verdiyi töhfə və Vəli bəy Yadigar kimi şəxsiyyətlərin fəaliyyəti azadlıq və sülh uğrunda mübarizənin ümumbəşəri dəyərlərə əsaslandığını bir daha təsdiqləyir.

Daha sonra tədbirdə Varşava Universitetinin Asiya və Afrika Mədəniyyətləri fakültəsi nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, Şəhla Kazımova çıxış edərək Azərbaycanın nasizm üzərində qələbəyə verdiyi mühüm töhfəni vurğulamış, həm cəbhədə döyüşənlərin, həm də bütövlükdə cəmiyyətin fədakarlığını qeyd etmişdir. O, xüsusilə Azərbaycan əsilli zabitlərin Polşa tarixindəki roluna diqqət çəkərək Vəli bəy Yadigar və Cahangir Kazım bəy kimi şəxsiyyətləri xatırlatmış, eyni zamanda müharibə illərində fəal iştirak edən qadınların xidmətlərini xüsusi qeyd etmişdir.

Tədbirin sonunda iştirakçılarına çay süfrəsi açılmış və xalğımızın adət-ənənəsinə uyğun olaraq təamlar təqdim olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti