Varşavada Azərbaycan - Polşa Biznes Forumu və Hökumətlərarası Komissiyanın 9-cu iclası
23 oktyabr 2025-ci il tarixində Varşava şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və Azərbaycan - Polşa Biznes Forumu keçirilmişdir.
Tədbirlərdə iştirak məqsədilə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, AR Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşaya səfər edib.
İlk olaraq nazir K.Heydərov və Komissiyanın Polşa tərəfindən həmsədri – Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan - Polşa Biznes Forumunun açılış mərasimində iştirak ediblər.
Forumda çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, bunun da iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib. Nazir sənaye, nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti və enerji kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin ölkələr arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, Azərbaycanda xarici sərmayədarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətləri üçün də geniş imkanlar açdığını bildirib və keçirilən forumun iqtisadi əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, M.Baranovski çıxışında Azərbaycan və Polşa arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə atılan addımların və keçirilən forumun əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərəcəyinə inandığını bildirib.
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycanın Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə keçirilən forumda iki ölkədən 130-dan artıq iş adamı iştirak edib.
Biznes forumun ardınca Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilmişdir.
İclasda çıxış edən K.Heydərov göstərilən qonaqpərvərliyə görə Polşa tərəfinə təşəkkürünü bildirərək Azərbaycan - Polşa münasibətlərinin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını vurğulamışdır. Nazir davam etmişdir ki, iki ölkə liderləri arasında keçirilən görüşlər və formalaşmış qarşılıqlı etimad əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm təkan vemişdir.
Nazir müavini M.Baranovski çıxışında ölkələr arasında strateji tərəfdaşlıq səviyyəsində formalaşmış əməkdaşlıqdan məmnunluğunu ifadə edərək iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd etmişdir.
İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış və hər iki tərəfdən Komissiya üzvlərinin çıxışları dinlənilmişdir. İclasın yekununda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu İclasının Protokolu” imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərov və Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini M.Baranovski imzalamışlar.
Komissiyanın iclası çərçivəsində həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.