“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 dekabr 2025

Varşavada keçirilmiş beynəlxalq xeyriyyə bazarı

Azərbaycanın Polşadakı Səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatı və Polşa Azərbaycanlıları Şurası ilə birgə Polşa Respublikasının Birinci xanımı Marta Navrotskanın himayəsi altında “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş 18-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə Polşada akkreditə edilmiş əksər diplomatik nümayəndəliklər, bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak ediblər.

Tədbirdə ziyarətçilərə milli mətbəximizin ləziz təamlarından olan şəkərbura, paxlava, mütəkkə, çudu, qutablar və digər təamlar təqdim olunub. Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Tədbir çərçivəsində Polşa Respublikasının Birinci xanımı Marta Navrotska stendimizi ziyarət edərək nümayiş olunan məhsullar ilə tanış olub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanın zəngin mədəni irsi barədə məlumat verərək sivilizasiyaların kəsişməsində formalaşan mədəni ənənələrimizin qonaqpərvərlik, səxavət və birlik dəyərlərini əks etdirdiyini diqqətə çatdırıb. O, milli stendimiz vasitəsilə sənət və mətbəx nümunələri də daxil olmaqla, bu zəngin mədəni irsimizin bir hissəsinin təqdim edilməsindən məmnunluqla bəhs edib.

Səfir zəngin dadları, müxtəlif inqrediyentləri və zamanla sınaqdan keçirilmiş reseptləri ilə Azərbaycan mətbəxinin mədəniyyətimizin qonaqpərvərliyini təcəssüm etdirdiyini qeyd edərək nəfis şirniyyatlarımızdan olan paxlava, şəkərbura, habelə mətbəximizdə özünməxsus yer tutan qutab çeşidləri barədə məlumat verib.

Daha sonra milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslərimiz barədə danışan səfir rəqslərin hər bir xalqın mədəniyyətinin bir hissəsi olduğunu söyləyərək milli rəqslərin xalqın tarixini, adət-ənənəsini, xarakterini özündə ehtiva etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tədbirdə ifa olunan “Naz eləmə” rəqsi Azərbaycan mədəniyyətinin cazibəsini, incəliyini və ifadəli ruhunu əks etdirən zərif xalq rəqsidir. Zərif hərəkətlər və melodiya ilə jest arasında oynaq dialoqla xarakterizə olunan bu rəqs milli rəqslərimizə xas olan gözəlliyi, incəliyi və sənətkarlığı nümayiş etdirir.

Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendimizə dəvət edib və dostluq və həmrəylik ruhunu əks etdirən xeyriyyə bazarına uğurlar arzu edib.

Xeyriyyə bazarının bədii hissəsində Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, eləcə də polyak gənclərin ifasında “Naz eləmə” rəqsi və “Sarı gəlin”, “Söz olmasaydı” mahnıları səsləndirilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirdə həmçinin Azərbaycanda polyak icmasının nümayəndələrinin sənət əsərləri və əl işləri də nümayiş olunub.

Səfir N.Qurbanova tədbir çərçivəsində Polşanın “TVP3” və “TV Republika” televiziya kanallarına müsahibə verərək izləyicilərə zəngin Azərbaycan mədəniyyəti, o cümlədən YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri, rəngarəng milli rəqslər, Azərbaycan stendində nümayiş olunan məhsullar barədə məlumat verib.

Azərbaycan stendində həmçinin ənənəvi çay dəstgahı nümayiş olunub. Armudu stəkanlarda çay, müxtəlif mürəbbə növləri, limon, ləbləbi, milli şirniyyatlarımızdan ibarət çay süfrəsi ziyarətçilərin marağına səbəb olub. Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dək səfirlik iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti