Cari ilin 31 oktyabr tarixində Azərbaycan Respublikasının Polşadakı Səfiri Həsən Həsənov və səfirliyin əməkdaşları Varşavanın müsəlman qəbirstanlığında dəfn edilmiş Azərbaycan hərbçisi, Polşa Ordusunun polkovniki Vəli bəy Yadigarın qəbrini ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşlar.
Vəli bəy Yadigar 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət etmişdir. XI Ordu Bakıya basqın edərkən Gəncə üsyanında iştirak etmiş, 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirət etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın görkəmli hərbçisi Vəli bəy Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə Polşada polkovnik rütbəsinə layiq görülmüşdür. Hitler Almaniyası Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşmuşdur. 1944-cü ildə daxil olduğu polkun hərbi bayrağının mühafizəsi V. Yadigara həvalə olunmuşdur. Sovet qoşunları Polşaya daxil olduqdan və Polşada Sovet hakimiyyəti qurulduqdan sonra polkovnik Avropanın bir sıra ölkələrinə və nəhayət Argentinaya mühacirət etmişdir. Azərbaycana dönmək ümidi olmadığından V. Yadigar Polşada müsəlman qəbirstanlığında dəfn olunmasını və məzarının üstündə milliyətcə azərbaycanlı olduğunun qeyd olunmasını vəsiyyət etmişdir. V. Yadigar 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. Vəsiyyətə əsasən V. Yadigarın cənazəsi 1990-cı ildə Polşaya gətirilərək müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə yenidən dəfn edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşanın Kaleydoskop və Azərbaycanın Salnamə kinostudiyaları birgə olaraq Vəli bəy Yadigara həsr olunmuş film çəkilmişdi.