2016-11-20

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin müavini Marek Julkovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycanla Polşa arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov Polşanı Azərbaycan üçün vacib tərəfdaş adlandırdı və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Marek Julkovski Polşa xarici işlər naziri Vitold Vaşikovskiyin bu ölkəyə səfərlə bağlı Azərbaycanlı həmkarına ünvanlandığı dəvət məktubunu Elmar Məmmədyarova təqdim etdi və nazir dəvəti qəbul etdi.

Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini diqqətə çatdıran Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı, yüklərin daha qısa müddətdə daşınması perspektivindən söz açdı və dəhliz boyu yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində bu marşrutların əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edildi və iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi və sərmayələrin qoyuluşu, habelə yüksək səviyyəli səfərlərin davam etdirilməsi məsələləri müzakirə olundu.

Arxiv üzrə axtarış