2016-12-21

Varşavada Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 7-ci iclası keçirilmişdir

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 18-21 dekabr 2016-cı il tarixlərində Polşa Respublikasının paytaxtı Varşava şəhərinə səfər etmişdir. Səfərin məqsəd Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsi olmuşdur.

Hökumətlərarası Komissiyanın 7-ci iclasının açılış mərasimindən öncə komissiyanın hər iki tərəfdən həmsədrləri Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və Polşa Respublikası Baş nazirinin müavini, inkişaf və maliyyə naziri Mateuş Moravietski arasında görüş keçirilmişdir. Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmış, digər qarşılıqlı maraq doğuran  məsələlər müzakirə edilmişdir.

Hökumətlərarası Komissiyanın plenar iclasında çıxış edən Natiq Əliyev ölkəmizin iqtisadi potensialı, kənd təsərrüfatı,  təbii və coğrafi şəraiti, turizm imkanları, qeyri-neft sektorunun inkişaf  prioritetləri, xarici investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı üçün görülən tədbirlər, neft və kimya sənayesi, yaradılmış sənaye və texnoloji parklar, Azərbaycanın da fəal iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tiflis-Qars dəmir yolu və s. haqqında iştirakçılara ətraflı məlumat vermişdir. 

İclasın sonunda həmsədrlər Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekun protokolunu imzalamışlar.

Hökumətlərarası Komissiyanın başa çatmasından sonra baş tutmuş biznes görüşlərin açılış mərasimində çıxış edən energetika nazir Natiq Əliyev Azərbaycanın  xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq,  Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin olduqca çox olduğunu bildirmişdir. O, Polşa şirkətlərini Azərbaycan Respublikasına dəvət etmişdir.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində AZPROMO və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, Polşa İnkişaf Fondu, Polşa Sahibkarlığın İnkişafı Agentliyi, İxrac Kreditlərinin Sığortalanması Korporasiyası, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı təqdimatla çıxış etmişlər.

Daha sonra hər iki ölkənin özəl sektor nümayəndələri arasında biznes görüşlər təşkil edilmiş, faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində ilkin təmaslar həyata keçirilmişdir.

Bu çərçivədə SOCAR rəsmiləri Sarmatiya layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparmışlar. SOCAR Trading ilə Polşanın neft şirkəti olan Lotos arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilmişdir.   

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Polşaya səfəri çərçivəsində həmçinin Polşa Respublikası energetika naziri Kşıştof Txujevski, Polşa Prezidenti Administrasiyasının xarici siyasət üzrə naziri Kşıştof Şçerski, xarici işlər nazirinin müavini Marek Jilkovski, inkişaf nazirinin müavini Tadeuş Koşçinski, energetika nazirinin müavini Mixal Kurtıka və Mazovetski vilayətinin voyevodası Zdislav Sipiera ilə ikitərəfli görüşlər keçirmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov görüşlərdə iştirak etmişdir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Polşa Respublikasının Prezidenti cənab Andjey Duda arasında 8 iyul 2016-cı il tarixində Varşavada keçirilmiş görüş zamanı iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi ilə bağlı yeni vəzifələr qoyulmuşdur. Bu baxımdan Varşavada keçirilmiş Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının gündəliyi və komissiya çərçivəsində keçirilmiş bir sıra görüşlər həmin vəzifələrin həyata keçirilməsinə həsr olunmuşdur.

Arxiv üzrə axtarış