2017-05-16

Səfir Həsən Həsənov Varşava Universitetinin Hüquq və idarəetmə fakültəsinin tələbələri ilə görüşmüşdür

Cari ilin 15 may tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Varşava Universitetinin Hüquq və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti ilə görüşmüşdür.

Səfir H.Həsənov müəllim, tələbə və aspirantlara Azərbaycanın qədim və müasir tarixi barədə məlumat verərək, ilk dəfə 1472-ci ildə Polşa və Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulduğunu vurğulamışdır. Daha sonra ölkəmiz tərəfindən müstəqilliyin bərpasından sonra Azərbaycanda həyata keçirilmiş dövlət quruculuğu tədbirləri, eyni zamanda Aİ-Azərbaycan münasibətləri barədə ətraflı məlumat vermişdir.

Habelə tədbirin moderatorunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə sualına cavab olaraq ermənilərin Cənubi Qafqaza köçürülməsinin tarixi, ölkəmizə qarşı ərazi iddiaları, həmçinin münaqişənin müasir tarixi və həlli yolları barədə məlumat vermişdir.

Görüş zamanı səfir H.Həsənov Dağlıq Qarabağ ərazisinin “tanınmamış dövlət”, “mübahisəli ərazi” adlandırmasına qəti etiraz edərək, bu ərazinin Azərbaycan Respublikasının ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırmışdır.

Səfir H.Həsənov iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan siyasi, iqtisadi və mədəni tədbirlər barədə məlumat verərək, ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. 

Səfir H.Həsənov sual-cavab sessiyası çərçivəsində tədbir iştirakçılarının Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətlərinə, Polşa və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanları barədə suallarını cavablandırmışdır.

Sonda tədbir iştirakçılarına səfirlik tərəfindən Dağlıq Qarabağ mövzusunda polyak dilində çap edilmiş dörd adda kitab və Xocalı soyqırımı barədə açıqcalar paylanılmışdır.

 

Arxiv üzrə axtarış