Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin açılışı baş tutmuşdur
Cari ilin 7 sentyabr tarixində Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” ucaldılmış abidənin təntənəli açılış mərasimi keçirilmişdir. Abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigara həsr edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənov ilə yanaşı Polşa Respublikası Milli Müdafiə Nazirliyinin dövlət katibi Mixal Dvorçık, Varşava şəhərinin Cənubi Praqa rayonunun meri Tomaş Kuxarski, Xarici İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, Polşa Seyminin (Parlamentin Aşağı Palatası) deputatları, Varşava Şəhər Meriyasının, Milli İrs Institutunun, Polşadakı Azərbaycan və Tatar diasporlarının nümayəndələri və ölkəmizin Polşadakı səfirliyinin kollektivi, veteran təşkilatlarının üzvləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində Polşa Silahlı Qüvvələrinin orkestri tərəfindən Azərbaycan və Polşa himnləri səsləndirilmiş, daha sonra isə Varşava şəhərinin Cənubi Praqa rayonunun meri Tomaş Kuxarski açılış nitqi ilə çıxış etmişdir. T.Kuxarski nitqində Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş Polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigar haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. O, bu abidənin Azərbaycan Respublikası hökuməti tərəfindən Varşava şəhərinə hədiyyə edildiyini yüksək dəyərləndirmiş və buna görə Azərbaycan Hökumətinə və o cümlədən Azərbaycan Respublikasının Polşadakı Səfirliyinə təşəkkürünü bildirmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənov hər iki ölkənin xalqları arasında qədim zamanlara söykənən dostluq əlaqələrinin tarixi, habelə Matsey Sulkeviç və Vəli bəy Yadigarın keçdiyi şanlı mübarizə yolu barədə tədbir iştirakçılarına məlumat vermişdir. Müdafiə naziri Z.Həsənov Azərbaycan və Polşanın azadlığı uğrunda son nəfəslərinədək mübarizə aparan bu sərkərdələrin iki ölkənin dostluğunun əsl nümunəsi olduğunu diqqətə çatdırmışdır.
Polşa Respublikası Milli Müdafiə Nazirliyinin dövlət katibi Mixal Dvorçık Matsey bəy Sulkeviç və Vəli bəy Yadigarın nümunəsində hər iki ölkənin keçdiyi mübarizə yoluna diqqət çəkmiş, müstəqil Azərbaycan və Polşa dövlətlərinin əməkdaşlıq yolu ilə müasir çağırışların öhdəsindən gəldiklərini vurğulamışdır.
“Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” həsr edilmiş abidənin açılış lentlərinin kəsilməsindən sonra tədbir iştirakçıları tərəfindən abidənin qarşısına əklillər və güllər qoyulmuş, Polşa Silahlı Qüvvələrinin fəxri qarovulunun keçidi baş tutmuşdur.
Tədbirin sonunda səfirlik tərəfindən açılış mərasiminin fəxri üzvlərinə “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsi” adlı xatirə nişanı və Səfirlik tərəfindən polyak dilində nəşr olunmuş “Vəli bəy Yadigar – Armiya Krayovanın azərbaycanlı polkovniki” və “Matsey Sulkeviç – Azərbaycan Milli Ordusunun polyak generalı” adlı kitabları təqdim edilmişdir
http://www.mon.gov.pl/aktualnosci/artykul/najnowsze/pamieci-bohaterow-y2017-09-07/
http://mod.gov.az/en/news/ministers-of-defense-of-azerbaijan-and-poland-held-a-meeting-19807.html