2017-12-08

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Polşa Respublikasındakı Səfirliyimizdə tədbir keçirilmişdir.

8 dekabr 2017-ci il tarixində səfirlikdə Heydər Əliyevin anım günü tədbiri təşkil edilmişdir. Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Polşada təhsil alan tələbələrimiz, konsulluq qeydiyyatında olan həmvətənlərimiz və eləcə də Polşa Respublikası ictimaiyyətinin təmsilçiləri səfirliyimizin dəvəti əsasında iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyətinin hər iki, yəni SSRİ və müstəqil Azərbaycan Respublikası dövrü haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Həsən Həsənov Azərbaycan xalqının Ümummilli liderinin yüksək bəşəri keyfiyyətləri, xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı haqqında danışaraq, demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunu bildirmişdir. Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyi ilk illərində daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin yeridilməsində, iqtisadiyyatın inkişaf etməsində, hərbi quruculuq sahəsində misilsiz fəaliyyətindən söz açmışdır. Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da toplantı iştirakçılarına məlumat vermişdir.

Tədbirdə iştirak edən polşalı jurnalist Yatsek Pototski çıxış edərək Polşada rəsmi səfər zamanı Heydər Əliyevdən müsahibə almaq şərəfinə nail olduğunu bildirərək öz xatirələrini bölüşmüşdür. Heydər Əliyevi jurnalistlərin dostu adlandıran Yatsek Pototski, onun sadə insanlara qarşı səmimi və mehriban münasibətindən danışmışdır.

Tədbirdə iştirak edən “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, dilinin və ədəbiyyatının təbliğində göstərdiyi xüsusi diqqət və qayğı, verdiyi mühüm qərarlar haqqında danışmışdır.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilmişdir.

Polşa Respublikasındakı Səfirliyimizdə tədbir keçirilmişdir.

Arxiv üzrə axtarış