Varşavanın Kral Sarayında Azərbaycan Respublikasının 100 illiyi qeyd olunmuşdur
2018-ci ilin 17 iyun tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin və Varşava Kral Sarayının birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 100 illiyi ilə bağlı təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Mazovetski vilayətinin valisi, Polşa xarici işlər nazirinin müavini, dövlət qurumlarının, o cümlədən Polşa Senatı və Seyminin üzvləri, səfirlər və diplomatik korpusun nümayəndələri, Polşada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları iştirak etmişlər.
Tədbirdə pianoçu Murad Hüseynov, violonçelist Aleksey Miltıx və tarzən Sahib Paşazadə Azərbaycan və Polyak bəstəkarlarının əsərlərindən ibarət parçalar ifa etmişlər. Konsert iştirakçıların böyük rəğbətinə səbəb olmuşdur.
Konsert Proqramından sonra Səfir Həsən Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd edildiyini, mövcud olduğu qısa dövr ərzində respublikamızın müstəqilliyinin dünyanın bir çox ölkələri tərəfindən tanındığını bildirmişdir.
Daha sonra Polşa Respublikası xarici işlər nazirinin müavini Bartoş Çixotski çıxış edərək Azərbaycanın müstəqilliyinin 100-cü ildönümü münasibəti öz təbriklərini bildirmiş, bu ilin Polşanın da müstəqilliyinin 100 illiyinin qeyd edildiyini vurğulamışdır. O, Azərbaycan-Polşa münasibətlərinin davamlı inkişaf etdiyini bildirərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd etmişdir
Tədbir çərçivəsində rəsmi ziyafət təşkil edilmişdir.