Polşa Silahlı Qüvvələrinin zabitlərinə Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” xatirə nişanı təqdim edilmişdir
Cari ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Polşa Silahlı Qüvvələrinin (PR SQ) nümayəndələrinə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigara həsr edilmiş “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” xatirə nişanının təqdim etmə mərasimi təşkil edilmişdir.
Xatirə nişanı aşağıdakı şəxslərə təqdim edilmişdir:
- Varşava Qarnizonunun komandanı Briqada generalı cənab Robert Qlonb;
- Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Elm və hərbi təhsil idarəsinin əməkdaşı polkovnik Yaroslav Qrabovski;
- Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi xarici əlaqələr idarəsinin əməkdaşı cənab Lukaş Boçkovski;
- Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi xarici əlaqələr idarəsinin əməkdaşı polkovnik-leytenant Artur Pisarek;
- Polşa Silahlı Qüvvələrinin Dillər Məktəbinin komandiri polkovnik Aleksı Romaniuk.
Səfirlikdə təşkil edilmiş tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov Polşa Silahlı Qüvvələrinin ölkəmiz üçün xüsusi önəm daşıdığını diqqətə çatdırmış, Polşanın suverenliyinin və ərazi bütövlüyünün keşiyində duran PR SQ-nin bu vəzifənin öhdəsindən şərəflə gəldiyini qeyd etmişdir. Ölkələrimizin talelərinin oxşarlığına diqqəti yönəldən səfir H.Həsənov Polşanın başına gəlmiş işğal, parçalanma və məcburi köçkünlərin mövcudluğu faktını Azərbaycanın indi də yaşamaqda davam etdiyini bildirmiş, ölkəmizin bu bəlaların öhdəsindən gələcəyinə əminliyini ifadə etmişdir
Səfir H.Həsənov Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın həyat və mübarizə yolu barədə məlumat vermiş, Azərbaycan hökumətinin bu iki görkəmli şəxsiyyətin ölkələrimizin müstəqilliyi uğrunda mübarizəsini əbədiləşdirərək Varşavadakı Polinski parkında onların abidəsini ucaltdığını diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə mərasim iştirakçılarını məlumatlandıran səfir H.Həsənov, hazırda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20% torpaqlarımız işğal edildiyini, 1 milyondan çox həmvətənimizin öz doğma yurdundan didərgin düşdüyünü vurğulamış, Ermənistan münaqişənin siyasi həllinə yönəlmiş danışıqları sabotaj etdiyini diqqətə çatdırmışdır.
Onlarla polyakın ölkələrimiz arasında siyasi, elmi və mədəni əlaqələrin möhkəmlənməsinə və ölkəmizin inkişafına öz töhfələrini verdiyin qeyd edən səfir Həsən Həsənov Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin şəxslərin xatirəsinə Polşanın müxtəlif şəhərlərində 20 abidə və xatirə lövhəsi qurulduğunu ifadə etmişdir. Səfir H.Həsənov bunun Azərbaycan xalqının nə qədər qədirbilən xalq olduğunun göstəricisi olduğunu vurğulamışdır.
Səfir Həsən Həsənov Polyak Matsey Sulkeviçin Azərbaycanın azadlığı uğrunda, Azərbaycanlı Vəli bəy Yadigarın isə Polşanın azadlığı uğrunda mübarizə apararaq həlak olduğunu bildirmiş və bunun xalqlarımızın qardaşlığının göstəricisi olduğu qeyd etmişdir.
Varşava Qarnizonunun komandanı Briqada generalı cənab Robert Qlonb çıxış edərək Polşa Silahlı Qüvvələrinin nümayəndələrinə təqdim edilmiş xatirə nişanlarının onlar üçün böyük şərəf olduğunu, ölkəsi tərəfindən Azərbaycana verilən dəstəyin bundan sonra da davam edəcəyini ifadə etmişdir.
Polşa milli müdafiə nazirinin adından çıxış edən bu ölkənin Milli Müdafiə Nazirliyinin Hərbi xarici əlaqələr idarəsinin direktor müavini polkovnik Artur Vilinski, nazir Mariuş Blaşçakın adından göstərilmiş təşəbbüsə görə təşəkkür etmiş, mərasimin ölkələrimiz arasındakı dostluğa öz töhfəsini verəcəyini vurğulamışdır.