Varşavada ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir
Cari ilin 30 noyabr tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil edilmişdir. Tədbirdə Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Polşada təhsil alan Azərbaycanlı, habelə digər ölkələrin tələbələri, eləcə də Polşa ictimaiyyətinin təmsilçiləri iştirak etmişdir.
Tədbirdə çıxış edən səfir Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyətinin hər iki, yəni SSRİ və müstəqil Azərbaycan Respublikası dövrü haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Səfir Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin yüksək bəşəri keyfiyyətləri, xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı haqqında danışaraq, H.Əliyevin demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunu bildirmişdir.
Səfir H.Həsənov Heydər Əliyevin Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyi ilk illərində daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin yeridilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində, hərbi quruculuq sahəsində misilsiz fəaliyyətindən söz açmışdır.
Səfir Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da toplantı iştirakçılarına məlumat vermişdir.
Səfir H.Həsənov 25 il Heydər Əliyevin rəhbərliyi altında çalışdığı barədə məlumat verərək Ümummilli lider ilə bağlı şəxsi xatirələrini bölüşmüşdür.
Səfir Həsənov tədbir iştirakçılarına son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafına yönəlmiş məqsədyönlü daxili və xarici siyasət haqqında geniş məlumat vermişdir.