2019-03-12

Azərbaycanın dostu Anna Fotiqaya fəxri nişan təqdim edilib

Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü ilə Brüsseldə Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə altkomitəsinin sədri Anna Fotiqaya onun Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəyə, həmçinin Avropa Parlamentində beynəlxalq hüquq və təhlükəsizliyin müdafiəsi istiqamətində fəaliyyətinə görə fəxri nişan təqdim edilib.

Nişanın üzərində azərbaycanlı hərbçi, Polşa Ordusunun zabiti, Polşa Milli Ordusunun polkovniki Vəli bəy Yadigar və polyak hərbçi, Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin təsvirləri əks olunub.

Fəxri nişanı təqdim edən Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri Fuad İsgəndərov xanım Fotiqaya Azərbaycanın Polşa və Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə dərin təşəkkürünü bildirib, siyasi fəaliyyətdə ona uğurlar arzulayıb.

Nişanı məmnuniyyətlə qəbul edən A.Fotiqa onun fəaliyyətinə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirib, iki ölkə arasında tarixi əlaqələri vurğulayaraq, həm bu münasibətlərə, həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu deyib.

https://azertag.az/xeber/Azerbaycanin_dostu_Anna_Fotiqaya_fexri_nisan_teqdim_edilib-1255858

Arxiv üzrə axtarış