1 aprel 2019-cu il tarixində Varşavada yerləşən Boleslav Prus adına məktəbdə ’’Qədim Qitənin Əfsanə və Mifləri’’ adlı tədbir baş tutmuşdur.
Həmin tədbirə Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Həsənov da dəvət edilmişdir. O, tədbirdə iştirak edən qonaqlara və şagirdlərə Azərbaycan haqqında həmçinin onun əfsanə və mifləri haqqında məlumat vermişdir. Məktəbin Polyak dili və ədəbiyyatı müəlliməsi xanım Yoanna Volfram çıxış edərək qədim zamanlardan mövcud olan Azərbaycan və Polşa əlaqələri haqqında məlumat vermişdir.
Məktəbdə Azərbaycanın qədim və müasir memarlığına həsr edilmiş ’’Polyak memarları Bakıda’’ adlı böyük sərgi keçirilmişdir. Səfir sərgidə iştirak edən qonaqlara Azərbaycanın qədim və müasir memarlığı, həmçinin XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərən, Bakının dövlət əhəmiyyətli tikililərinin müəllifləri olan polyak memarları və onların fəaliyyətləri haqqında məlumat vermişdir.
Sərgi həm müəllimlər, həm də şagirdlər arasında böyük marağa səbəb olmuşdur.