Varşavada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
2019-cu ilin 6 may tarixində Azərbaycan Respublikasının Polşadakı Səfirliyində Polşa ictimaiyyətinin və Polşa Respublikasının Prezident Administrasiyasının nümayəndələri, Varşavanın universitetlərində təhsil alan polyak və azərbaycanlı tələbələr, Polşada yaşayan azərbaycanlıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Səfir Həsən Həsənov Heydər Əliyevlə birgə əmək fəaliyyətindən və şəxsi ünsiyyətdən qaynaqlanan xatirə və təəssüratını bölüşərək xalqımızın dahi oğlunun keçdiyi şərəfli həyat yolundan bəhs etmişdir.
Həsən Həsənov Heydər Əliyevin fəaliyyətinin hər iki sovet və müstəqillik dövrlərində eyni ruh yüksəkliyi ilə Azərbaycan üçün çalışdığını bildirmişdir. Sovet dövründə bir çox vəzifəli şəxslərin öz xalqının ziyanına sovet sisteminə qulluq etdiklərini bildirən Həsən Həsənov Heydər Əliyevin onlardan fərqli olaraq müstəqillik dövründə olduğu kimi həmin dövrdə də öz xalqının maraqlarını Sovet İttifaqının marağından üstün tutduğunu qeyd etmişdir. Səfir sovet dövründə Heydər Əliyev hakimiyyətə gələndə siyasi stabillik olmasına baxmayaraq Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən ən zəif inkişaf etmiş sovet respublikalarından biri olduğunu bildirmişdir. Müstəqillik dövründə isə Heydər Əliyev hakimiyyətə gələndə iqtisadiyyat geridə qalmış və respublikada siyasi xaos hökm sürürdü. Heydər Əliyev hər iki dövrdə Azərbaycanı parlaq ağlı və güclü iradəsi hesabına böhrandan xilas etdi.
Daha sonra Azərbaycan tarixinə istinad edən Həsən Həsənov xalqımızın tarixində çoxlu parlaq şəxsiyyətlər olduğunu və onların dövləti stabillik və əmin- amanlıq dövründə idarə etdiklərini bildirmişdir. Heydər Əliyevin taleyinə sovet dövründə Moskva ilə qarşı-qarşıya duraraq məsələlərin Azərbaycanın maraqlarına uyğun həll edilməsi kimi ağır tarixi missiya yazılmışdır. Müstəqillik əldə edildikdən sonra ermənilərin Azərbaycana qarşı bütün dünyada apardıqları güclü informasiya müharibəsı dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox çətin bir iş idi. Heydər Əliyev Azərbaycanın sözünü, haqq işini dövlət başçılarının, tanınmış siyasətçilərin və beynəlxalq təşkilatların diqqətinə çatdıraraq onları inandırmağa nail oldu. Həsən Həsənov Heydər Əliyev tərəfindən müxtəlif səviyyələrdə aparılmış çoxsaylı görüşlər zamanı Azərbaycana laqeyd və yaxud Azərbaycandan bixəbər olan siyasətçilərin həmin görüşlərin sonunda Azərbaycana münasibətlərinin köklü şəkildə dəyişdiyinin canlı şahidi olduğunu auditoriyanın diqqətinə çatdırdı. Bu səbəbdən də səfir tam əminliklə bildirdi ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin iki min altı yüz illik tarixində ən parlaq dövlət xadimlərindəndir. Natiq bu gün Azərbaycanın beynəlxalq aləmdə formallaşmış müsbət imicinin yaranmasına xidmət edən sistemin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etmişdir.
Sonda Ümummili lider Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilmişdir.