Varşavada Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyi və Respublika Günü qeyd edilmişdir.
Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi və Respublika günü münasibətilə Varşavanın Raffles otelində təntənəli oturaq ziyafət tədbiri keçirilmişdir.
Tədbirdə Polşa Prezident Administrasiyasının Senatının və Seyminin, Xarici İşlər Nazirinin və digər dövlət qurumlarının rəhbər üzvləri, səfirlər və diplomatik korpusun digər nümayəndələri, ölkəmizin regionları ilə əməkdaşlıq edən Polşa vilayətlərinin nümayəndələri, Səfirliyin əməkdaşlıq etdiyi Polşa təhsil müəssisələrinin nümayəndələri, Naxçıvan Muxtar Respublikasından muğam üçlüyünün iştirakı ilə nümayəndə heyəti, Azərbaycan diaspor üzvləri, səfirliyin əməkdaşları və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Səfir Həsən Həsənov açaraq müasir Azərbaycanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində əldə etdiyi nailiyyətlər və ölkəmizin uğurla iştirak etdiyi beynəlxalq layihələr barəsində qonaqlara ətraflı məlumat vermişdir.
Səfir bu il Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinin qeyd edildiyini bildirərək 1918-1920-ci illər ərazində polyak diplomatları ilə sıx əlaqədə olmuş görkəmli Azərbaycan diplomatları Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyskini, həmçinin Azərbaycan diplomatları ilə sıx əlaqədə olmuş Polşa diplomatları İqnatsi Yan Paderevski, Stanislav Patek, Mavriki Zamoyski və Vatslav Ostrovskini xüsusilə xatırlayaraq onların ölkələrimiz qarşısında müstəsna xidmətlərinə görə dərin təşəkkürünü bildirmişdir.
Bununla yanaşı Səfir Ermənistan-Azərbaycan dağlıq Qarabağ münaqişəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında həllinə dəstəyə və ədalətli mövqeyinə görə Polşa Respublikasına təşəkkürünü bildirmişdir.
Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Polşa Respublikasının Prezidenti cənab Andjey Duda arasında səmimi işgüzar və dostluq münasibətlərinin qarşılıqlı etimad üzərində qurulduğunu xüsusilə qeyd etmişdir.
Daha sonra Polşa tərəfindən əsas qonaq qismində Polşa Xarici İşlər Nazirinin müavini Piotr Vavjık çıxış etmişdir. Azərbaycanın Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100-cü ildönümü münasibəti ilə Polşanın Xarici İşlər Naziri Yatsek Çaputoviçin və şəxsən öz adından təbriklərini bildirmişdir.
Çıxışların ardınca Naxçıvan muğam triosu qonaqlar qarşısında muğam parçaları ilə çıxış etmişlər. Səslənən muğam iştirakçıların böyük rəğbətinə səbəb olmuşdur.
Tədbir milli mətbəx nümunələrinin də təqdim edildiyi rəsmi oturaq ziyafətlə davam etmişdir.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi
14 May 2019-cu il