2019-06-07

Prezident Andjey Duda Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib

Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 31-də Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etməsi üçün yaradılan şərait barədə Polşa Prezidentinə məlumat verdi.

Bildirildi ki, bu kilsənin yerləşdiyi ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsənin rəsmi açılışı 2008-ci ilin martında olub. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone açılış mərasimində iştirak ediblər.

Vladimir Fekete 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitraj və Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik pannonun kilsəyə hədiyyə olunması barədə Polşanın dövlət başçısına məlumat verdi.

Sonra Polşa Prezidenti Azərbaycan-Vatikan əlaqələrini, həmçinin Roma Papası II İohan Pavelin Azərbaycana səfərini əks etdirən fotoguşəyə baxdı.

Diqqətə çatdırıldı ki, Roma papaları II İohan Pavel və Fransisk müvafiq olaraq 2002-ci və 2016-cı illərdə Bakıya səfər ediblər.

 

Arxiv üzrə axtarış