2019-11-19

Varşavada “Azərbaycan – Tarix, Cəmiyyət, Mədəniyyət” adlı elmi konfrans keçirilmişdir.

Cari ilin 14 noyabr tarixində Varşavada “Azərbaycan – Tarix, Cəmiyyət, Mədəniyyət” adlı elmi konfrans keçirilmişdir. Elmi konfrans Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin dəstəyi ilə Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur.

Sözügedən konfransda Səfir Həsən Həsənovla yanaşı Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin müavini, eyni zamanda ölkəmizə təyin edilmiş səfiri Rafal Poborski,  Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa yardım Agentliyinin (AİDA) əməkdaşları - müşavir Gülnarə Ağalarova və ikinci katibi Eltay Aslanov, AMEA Tarix İnstitutunun əməkdaşı Aynur Bəşirli, ADA Universitetinin yardımçı professoru Ceyhun Rzayev, Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşları Nərgiz Axundova və Şəhla Kazımova, konfransa dəvət edilmiş Polşa universitetlərinin professorları, Azərbaycanın Polşadakı Səfirliyinin əməkdaşları və tələbələr iştirak etmişlər.

Konfransı giriş sözü ilə  Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa açmışdır. O, bu qəbildən olan elmi konfransların Azərbaycan tarixinin və mədəniyyətinin elmi auditoriyaya və geniş Polşa ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli olduğunu bildirmiş və təşkilatçılara uğurlar diləmişdir.

Səfir Həsən Həsənov çıxış edərək elmi konfransın iştirakçılarını salamlamış, konsfransın uğurla keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Bununla yanaşı səfir Azərbaycana həsr edilmiş elmi konfransların daha yüksək səviyyədə təşkili ilə bağlı təşkilatçılara öz irad və tövsiyələrini bildirmişdir.

Üç paneldən ibarət təşkil edilmiş  elmi konfransda Azərbaycanın Mədəni Diplomatiyası: Milli Maraqlara xidmət (G.Ağalarova), Birinci Dünya Müharibəsindən sonra Azərbaycan Demokratik Respublikasının diplomatiyası (P.Olşevski), Amerika mətbuatında Dağlıq Qarabağ münaqişəsi (A.Bəşirli), Universitetlərin Azərbaycanda sosial-mədəni  inkişafa töhfəsi (C.Rzayev) və s. mövzularda məruzələr dinlənilmişdir. Təqdim edilən məruzələr ətrafında ətraflı müzakirələr aparılmışdır.

 

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

18 noyabr, 2019-cu il

 

Arxiv üzrə axtarış