Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümü Polşada qeyd edilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd olunması çərçivəsində Polşanın ilk paytaxtı və dini mərkəzi olan Qnejno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsi ziyarət olunub. Qeyd edək ki, “Dostluq” abidəsinin üzərində Ümummilli Lider Heydər Əliyevin Polşa və polyak əsilli Roma papası II Yan Pavelin Azərbaycan haqqında səsləndirdiyi möhtəşəm fikirlər əks olunub.
Tədbirdə səfir N.Qurbanova başda olmaqla, Azərbaycanın Polşadakı Səfirliyinin heyəti və bu ölkədəki “Azərbaycan Ticarət Evi”nin nümayəndələri iştirak ediblər. İlk olaraq şəhərin mərkəzi parkında ucalan abidə üzərinə əklil qoyulub. Tədbirdə səfir N.Qurbanova çıxış edərək iştirakçılara dahi siyasi xadim Heydər Əliyevin həyatı, ölkəmizin çiçəklənməsi, güclü, inkişaf etmiş dövlətə çevrilməsi istiqamətində fəaliyyəti barədə məlumat verib. Ümummillin Liderin Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfələri qeyd edən N.Qurbanova onun strateji qərarlarının gələcək möhkəm əlaqələrə zəmin hazırladığını vurğulayıb.
Sözügedən tədbirlərlə yanaşı, Polşanın “Dziennik Trybuna” jurnalında səfir N.Qurbanovanın görkəmli dövlət xadiminin tarixi missiyasına həsr olunan məqaləsi də dərc olunub. Jurnalın çap və onlayn variantlarında nəşr olunan məqalə qeyd olunub ki, Azərbaycanda hər il 10 may tarixində görkəmli dövlət xadimi, dünyaca tanınmış lider, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günü qeyd edilir, onun əziz xatirəsi hörmətlə yad olunur.
Məqalədə vurğulanır ki, 1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalındıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi çağırışı ilə ayağa qalxıb. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Mürəkkəb tarixi və geosiyasi təlatümlər dövründə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını və müstəqil enerji siyasətini təmin edən Heydər Əliyev, eyni zamanda çox istiqamətli xarici siyasət konsepsiyasını formalaşdırıb. Məhz Ulu Öndərin yürütdüyü məqsədyönlü və ardıcıl enerji siyasətinin nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin Müqaviləsi” imzalanıb, bununla nəinki ölkənin, hətta regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verilib.
Daha sonra səfir Qərb ölkələri, o cümlədən Polşa ilə bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi istiqamətində dahi siyasi xadimin yürütdüyü fəal siyasətə nəzər yetirib. Qeyd olunub ki, 1997-ci ilin 26-28 avqust tarixlərində Prezident Aleksandr Kvasnevskinin dəvəti ilə Ulu öndər Heydər Əliyev Polşa Respublikasına rəsmi səfər həyata keçirib. Məhsuldar səfər çərçivəsində “Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannamə” ilə birgə iki ölkə arasında əməkdaşlığa təkan verən səkkiz sənəd imzalanıb.
N.Qurbanova Azərbaycanda mövcud olan multikultural dəyərləri qeyd edərək vurğulayıb ki, Polşada geniş yayılmış katolik məzhəbinin sərbəst və rahat fəaliyyəti daim Ümummilli Liderin diqqətində olub. Ulu öndərin dəvəti ilə 2002-ci ildə dünyanın və Polşa xalqının görkəmli ictimai din xadimi, Roma Papası II Yan Pavel Azərbaycana tarixi səfər edib. Məhz həmin səfər zamanı Heydər Əliyevin göstərişi ilə Azərbaycanda dini məbədə ehtiyac duyan katoliklər üçün Bakıda yeni kilsənin inşa edilməsi məqsədilə ərazi ayrılıb, daha sonra 2008-ci ildə həmin ərazidə “Müqəddəs Məryəm Kilsəsi” inşa edilib.
Daha sonra müəllif Ümummilli Liderin adını əbədiləşdirmək məqsədi ilə 2004-cü ildə “Heydər Əliyev Fondu”nun təsis edildiyini qeyd edərək onun fəaliyyətinə toxunub. Vurğulanıb ki, Fonda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva rəhbərlik edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli müxtəlif layihələr həyata keçirərək ölkədə və dünyada mədəni sosial-iqtisadi inkişafa öz töhfəsini verir.
Sonda fəxrlə qeyd olunub ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub, böyük nüfuza, şaxələndirilmiş iqtisadiyyata və beynəlxalq arenada söz sahibi güc mərkəzinə çevrilib.