2023-01-26

“Heydər Əliyev ili” çərçivəsində Lodz şəhərində təşkil olunan konsert proqramı

2023-cü  ilin “Heydər Əliyev ili” elan edilməsi və əlamətdar hadisənin Polşada qeyd edilməsi çərçivəsində Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və Türkiyənin Polşadakı Səfirliyi və Lodz şəhərindəki Fəxri Konsulluğunun dəstəyi ilə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və ölkəmizin tanınmış gənc musiqiçilərindən olan, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadənin iştirakı ilə konsert proqramı təşkil edilmişdir.

Qrajina və Keystut Batseviçlər adına Lodz Musiqi Akademiyasının konsert zalında baş tutan konsertdə azərbaycanlı, türk və polyak bəstəkarların əsərlərindən nümunələr səsləndirilmişdir. Konsertdə Lodz şəhərinin akademik, incəsənət və biznes dairələrinin üzvləri və KİV nümayəndələri, həmçinin Azərbaycan və türk diasporlarının nümayəndələr iştirak etmişdir.

Konsertdə çıxış edən səfir Nərgiz Qurbanova cari ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini qeyd etmişdir. O, konsert proqramının ömrünü doğma vətəninə, xalqına xidmətə həsr etmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yüzillik yubileyinə həsr olunduğunu, onun 1990-cı illərin əvvəllərində Azərbaycan xalqını uğurla müstəqilliyə apardığını və müasir Azərbaycanın tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləməsinin Heydər Əliyevin ömürlük missiyasının təntənəsi hesab olunduğunu söyləmişdir. N.Qurbanova Roma Papası, əslən polyak II İohan Pavelin dahi şəxsiyyət barədə sözlərini xatırlamışdır: “Müstəqil Azərbaycan Respublikası son bir neçə ildə görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğunda aparılan bütün işləri, iqtisadi islahatların uğurla həyata keçirilməsini izləyir və dəstəkləyirəm”.  

Səfir həmçinin cari ildə Azərbaycan operasının 115 illiyinin qeyd olunduğu, Azərbaycanda opera sənətinin 1908-ci ildə “Leyli və Məcnun” operası ilə başladığı, bu operanın təkcə ölkəmizdə deyil, müsəlman Şərqində ilk opera olduğu barədə məlumat vermişdir. Bu möhtəşəm sənət əsərinin müəllifinin Azərbaycanın dahi musiqi alimi Üzeyir Hacıbəyov olduğunu, onun Azərbaycan musiqisini Avropa kompozisiyalarının yeni janr və formaları ilə zənginləşdirdiyini və Azərbaycan və Şərq musiqisinin yeni estetik perspektivlərini açdığını bildirmişdir. N.Qurbanova 2023-cü ildə həmçinin dahi bəstəkarın ölümünün 75-ci ildönümünün qeyd edildiyini əlavə etmişdir.

Konsert proqramı barədə Polşanın TVP 3 kanalında reportaj yayımlanmışdır.

Arxiv üzrə axtarış