2023-02-24

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada anılıb

23 fevral 2023-cü il tarixində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi və Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Varşavada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

 

Anım mərasimində Polşa Sejm və Senatının yüksək səviyyəli nümayəndələri, Polşanın dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, Polşa müftisi, ölkənin akademik, ictimai, mədəni xadimləri, biznes nümayəndələri, o cümlədən Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz və tələbələr iştirak ediblər.

 

Mərasimdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilk olaraq dağıdıcı zəlzələ ilə əlaqədar qardaş Türkiyə xalqına və vəfat edənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyərək Azərbaycan xalqının hər zaman qardaş Türkiyəyə dəstəyə hazır olduğunu ifadə edib.

 

Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verən səfir 31 il bundan öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə xaincəsinə hücum edərək şəhərin dinc sakinlərini qəddarcasına qətlə yetirdiyini bildirib. Bu qanlı hadisələr nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 günahsız Azərbaycanlının öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, ölənlərdən 56 nəfərin ifrat qəddarlıqla qətlə yetirildiyi barədə tədbirin qonaqlarına məlumat verilib.

 

Həmin gecə baş vermiş dəhşətli insan haqları pozuntularının “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyini ifadə edən səfir faciədən sonrakı günlərdə yayılan xəbərlərin vəhşiliyin miqyasını üzə çıxardığını qeyd edib. N.Qurbanova istintaq materiallarından, faciənin şahidi olmuş tanınmış jurnalistlərdən, o cümlədən ermənilərin öz etiraflarından istinadlar gətirib.

 

Soyqırımının törədilməsində iştirak etmiş şəxslərin, eləcə də onlarla əlbir olan və onlara kömək edənlərin də fərdi qaydada məsuliyyət daşıdığını qeyd edən səfir vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirib.

 

Daha sonra “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlumat verən N.Qurbanova qətliamı pisləyən, onu soyqırımı aktı və insanlığa qarşı cinayət kimi təsnif edən dövlətlər və beynəlxalq təşkilatlar, onların qəbul etdiyi qətnamə və bəyanatlar haqqında danışıb.

 

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri, rəssam Dadaş Məmmədov öz çıxışında mərasim çərçivəsində nümayiş olunan “Xocalı fəryadı” adlı sərgi və müəllif Nazim Məmmədov haqqında məlumat verib. Qeyd edib ki, Nazim Məmmədov Xocalı faciəsinə böyük rəsm kolleksiyası həsr etmiş Azərbaycanın tanınmış rəssamı və animasiya rejissorudur.  O, 2002-ci ildə Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə faciəyə həsr olunmuş 40-dan çox rəsm və qrafik əsərdən ibarət sərgini ictimaiyyətə təqdim edib.

 

Mərasimin mədəni hissəsi Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış tar virtuozu Sahib Paşazadə və istedadlı azərbaycanlı pianoçu, bir çox milli və beynəlxalq müsabiqələrin qalibi Səidə Tağı-Zadə konsert proqramı ilə başlamışdır. Azərbaycanın istedadlı ifaçıları tərəfindən Azərbaycan və polyak bəstəkarların klassik musiqi əsərlərindən seçmələr təqdim olunub.

 

Qonaqlar mədəni hissənin növbəti mərhələsində “Xocalı fəryadı” adlı sərgisi ilə tanış olublar. Əsərlərdə Xocalı soyqırımının ağrısı, dinc əhalinin qətliamı, Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə əzmi və cəsarəti əks olunub. Qeyd edək ki, reproduksiyaları nümayiş olunan əsərlərin orijinal nüsxələri hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. 

 

Anım tədbiri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar qonaqlara təqdim olunub.

 

Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna halva çalınaraq qonaqlara təqdim olunub.

Arxiv üzrə axtarış