2023-05-09

Nasizm üzərində Qələbə günündə Varşavada Azərbaycanlı polkovnik Vəli bəy Yadigar yad edilib

İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə Varşavada Azərbaycanın Polşadakı Səfirliyi və Polşanın Müftiliyi tərəfindən anım mərasimi təşkil olunub və Polşanın azadlığı naminə bu ölkənin ordusu sıralarında xidmət etmiş Azərbaycanlı polkovnik Vəli bəy Yadigar məzarı başında yad edilib.

Mərasimdə səfir Nərgiz Qurbanova, Polşanın Müftisi Tomaş Miskeviç, Azərbaycanın Polşadakı Səfirliyinin heyəti, bu ölkədəki “Azərbaycan Ticarət Evi”nin nümayəndələri, və dini icmanın təmsilçiləri iştirak ediblər.

 İlk olaraq, Vəli bəy Yadigarın məzarı üzərinə əklil qoyulub, onun və müharibədə həlak olmuş bütün soydaşlarımızın ruhuna Qurani-Kərimdən ayələr oxunaraq dualar edilib.

 Mərasimdə səfir N.Qurbanova çıxış edərək Azərbaycan nasizm üzərində tarixi Qələbəyə verdiyi mühüm töhfələri qeyd edib. Bildirib ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. Xalqımız nasizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. 

Səfir əlavə edib ki, qəhrəman Azərbaycanlılar Polşa, sabiq Çexoslovakiya, sabiq Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Belə qəhrəmanlardan biri də məhz İkinci Dünya müharibəsi illərində Polşanın azadlığı naminə Polşa Ordusu sıralarında döyüşən polkovnik Vəli bəy Yadigar olub. Səfir Vəli bəy Yadigarın həyat və döyüş fəaliyyətindən danışıb və ona göstərilən böyük ehtiramı qeyd edib. Vurğulayıb ki, Vəli bəy Yadigar öz döyüş yolu ilə Polşa və Azərbaycan xalqlarını bir-birinə bağlayan, dostluq münasibətlərini daha da möhkəmləndirən tarixi şəxslərdən olub. Polkovnik Vəli bəy Yadigar və AXC Ordusunun qərargah rəisi, general Məmməd (Maçey) Sulkeviçin şərəfinə Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidə bu qarşılıqlı fədakarlığın və möhkəm əlaqələrin təcəssümüdür.

Arxiv üzrə axtarış