2023-05-10

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Polşanın ilk paytaxtı və dini mərkəzi Qnejno şəhərində qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunması çərçivəsində Polşanın ilk paytaxtı və dini mərkəzi Qnejno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsi ziyarət olunub. Tədbirdə səfir Nərgiz Qurbanova başda olmaqla, Azərbaycanın Polşadakı Səfirliyinin heyəti və bu ölkədəki “Azərbaycan Ticarət Evi”nin nümayəndələri iştirak ediblər. İlk olaraq şəhərin mərkəzi parkında ucalan abidə üzərinə əklil qoyulub. Qeyd edək ki, “Dostluq” abidəsinin üzərində Ümummilli Lider Heydər Əliyevin Polşa və polyak əsilli Roma papası II Yan Pavelin Azərbaycan haqqında səsləndirdiyi möhtəşəm fikirlər əks olunub. Həmçinin, hər iki dövlətin xəritələri ölkələrin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə olan hörmət əlaməti olaraq abidə üzərində təsvir olunub.

Tədbirdə səfir N.Qurbanova çıxış edərək dahi siyasi xadim Heydər Əliyevin həyatı, ölkəmizin çiçəklənməsi, güclü, inkişaf etmiş dövlətə çevrilməsi istiqamətində fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, müstəqilliyin qazanılmasından etibarən bütün əlamətdar nailiyyətlərin qazanılmasında 100-cü ildönümü qürurla qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev müstəsna rol oynayıb. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib.

Səfir vurğulayıb ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ulu Öndər Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Nəticədə, qısa zaman kəsiyində Heydər Əliyev şəxsiyyəti Azərbaycanın yaxın tarixinin axarını dəyişib və bədbin proqnozların əksini sübut edib. Görkəmli dövlət xadiminin siyasi kursu ölkənin daxili və xarici siyasəti ətrafında həm milli həmrəyliyi təmin edib, həm də təhlükəsizlik vəziyyətini sabitləşdirib. Azərbaycan xalqının mənafeyi əsasında müəyyən olunan və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə həyata keçirilməyə başlanılıb. Beləliklə, Heydər Əliyevin dövrün və gələcək illərin çağırışlarına cavab verən, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə alan və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxaran siyasi kursu qüdrətli Azərbaycanın təməli olub. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.

Ümummillin Liderin Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfələri də qeyd edən N.Qurbanova onun strateji qərarlarının gələcək möhkəm əlaqələrə zəmin hazırladığını vurğulayıb. Qeyd olunub ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşaya ilk rəsmi səfəri, 1999-cu ildə isə Polşa Prezidentinin səfərinə ev sahibliyi etməsi böyük önəm daşıyıb. Məhz sözügedən səfərlər nəticəsində dövlət başçıları arasında səmimiyyət və qarşılıqlı etimada söykənən münasibətlər qurulub və gələcək əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradılıb. Möhkəm təməllərə söykənən bu ikitərəfli münasibətlər prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib və əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Sonda, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyevin yalnız Azərbaycan xalqı və dövləti üçün göstərdiyi xidmətlərlə deyil, eyni zamanda Azərbaycan – Polşa əlaqələrinin formalaşmasında oynadığı tarixi rol ilə hər zaman ehtiramla yad ediləcəyi qeyd olunub.

Arxiv üzrə axtarış