2023-05-25

Müstəqillik Günü, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Polşada təntənəli qeyd olunub

24 may 2023-cü il tarixində Müstəqillik Günü, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini yaradılmasının 105-ci ildönümü münasibətilə Varşavanın nüfuzlu məkanlarından “Varşava Milli Filarmoniyası”nda Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul təşkil olunub.

 

Qəbulda, Polşa Respublikasının Xarici işlər nazirinin müavini Arkadiuş Mularçık, Polşa hökuməti, Seymi, Senatı və Avropa Parlamentinin üzvləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, əməkdaşları və hərbi attaşeləri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

 

Tədbirdə ilk olaraq “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizovanın ifasında Azərbaycan Respublikası və Polşa Respublikasının dövlət himnləri ifa olunub.

 

Qəbulu giriş sözü ilə açan Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova Azərbaycan Respublikasının Müstəqilik Günündə qonaqları salamlamaqdan fəxr hissi keçirdiyini bildirib. Müstəqillik Gününün tarixi əhəmiyyətindən məlumat verən səfir 28 may 1918-ci ildə Azərbaycanın etnik, dini, cinsi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşına bütün mülki və siyasi hüquqlar təmin edən xalq cumhuriyyəti elan olunduğunu qeyd edib. Əlavə edib ki, müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentar demokratiya olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) nəinki qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə olub, hətta həmin qərarı bir çox Avropa ölkəsindən öncə qəbul edib. Son dərəcə çətin xarici geosiyasi çağırışlardan asılı olmayaraq, AXC dövlət və ordu quruculuğuna, iqtisadi inkişafa, təhsilə və mədəniyyətə diqqət yetirib, yeni müstəqil dövlətin beynəlxalq aləmdə tanınmasını təmin edib. Azərbaycanda yaşayan bütün millətlər həm hökumətdə, həm də 11 fraksiyadan ibarət 120 yerlik parlamentdə təmsil olunub. Fəaliyyət göstərdiyi iki il ərzində AXC parlamenti 230 qanun qəbul edib.

 

AXC-nin qeyd olunan nailiyyətlərində polyakların töhfələrini xatırlayan səfir onların memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləndiklərini vurğulayıb. N.Qurbanova qeyd edib ki, polyak əsilli vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə, məhkəmə-hüquq sistemində təmsil olunub və ümumi vətənimiz Azərbaycanın müdafiəsi üçün səylərini əsirgəməyib. General-leytenant Masey Sulkeviç Azərbaycan Ordusunun Baş Qərargah rəisi, publisist və tarixçi Leon Kriçinski Nazirlər Şurası Dəftərxanasının rəisi, onun qardaşı Olqerd Kriçinski isə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb. Polyak rəsmiləri Azərbaycanın beynəlxalq aləmdə tanınmasını hər zaman dəstəkləyib və Polşa AXC-ni tanıyan 23 dövlətdən biri olub.

 

AXC-nin bolşeviklərin hərbi təcavüzü nəticəsində cəmi 23 ay yaşamasına baxmayaraq onun demokratik ideyalarının azərbaycanlıların sonrakı nəsillərinin qəlbində və şüurunda yaşamağa davam etdiyini vurğulayan N.Qurbanova 1991-ci ildə müstəqilliyini bərpa etdikdə sonra Azərbaycan Respublikasının AXC-nin varisi elan olunduğunu, onun ideya və dəyərlərinə yenidən sahib çıxdığını bildirib. Səfir əlavə edib ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpa olunmasına baxmayaraq sonrakı iki ildə baş verən silahlı münaqişə və ərazilərimizin işğalı, ölkə iqtisadiyyatının çökməsi və mövcud çətinliklər milli dövlətçiliyi süqut ərəfəsinə gətirib çıxarıb. Məhz həmin dövrünün mürəkkəb tarixi-siyasi sınaqlarından xalqını uğurla xilas edən və ardıcıl mübarizə yolu ilə dövlət müstəqilliyini mühafizə edən qüdrətli şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi olub. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olub. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb, ölkəmizin bütün resursları və xalqımızın potensialı milli maraqlara səfərbər edib. Ulu Öndərin müəyyən etdiyi xarici siyasət kursu ölkəmizin region və dünya siyasi sistemində layiqli mövqe tutmasını təmin edib və Azərbaycanın regionda gələcək söz sahibi olmasına zəmin hazırlayıb. Dahi siyasi xadimin milli ordunun qurulması istiqamətində xidmətlərini sadalayan səfir Ümummilli Liderin şah əsəri olan güclü Azərbaycan dövlətinin öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini vurğulayıb.

 

Fəxri qonaq qismində çıxış edən Polşa Respublikasının Xarici işlər nazirinin müavini Arkadiuş Mularçık ilk olaraq nazir Zbiqnev Raunun təbrikini qeyd edib. Nazir müavininin çıxışında münasibətlərimizin tarixinə nəzərə salınaraq Polşanın hələ 1919-cu ildə dünyada ilk dövlətlərdən biri olaraq Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyini tanıdığı qeyd olunub. Polyaklar tərəfindən Azərbaycanın dövlət quruculuğuna, Bakı və Azərbaycanın iqtisadi inkişafı verilən mühüm töhfə vurğulanıb.

 

Nazir müavini əlavə edib ki, bu gün Polşa Azərbaycanı Cənubi Qafqazda mühüm siyasi və iqtisadi tərəfdaş, Şərq Tərəfdaşlığının üzvü, Avropa İttifaqının enerji təchizatçısı və transkontinental nəqliyyat xətlərinin tikintisində əsas tərəfdaş kimi qəbul edir. Polşa ümumi dəyərlərə, sülhə, firavanlığa, eləcə də hər iki ölkənin maraqlarına uyğun olaraq uzunmüddətli, çoxşaxəli ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır. Rəsmi Varşava məqsədi iqtisadi əlaqələr də daxil olmaqla, çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək olan və 2017-ci ildə Polşa və Azərbaycan prezidentləri tərəfindən imzalanan “Strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin müddəalarını bundan sonra da həyata keçirmək niyyətindədir. Nazir müavini bildirib ki, Avropa və Asiyanı birləşdirən formalaşmaqda və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri çərçivəsində, Polşa və Azərbaycan inkişaf edən logistika və paylama mərkəzləri hesab edilir. Ölkəsinin Azərbaycanla nəqliyyat və logistika əməkdaşlığının inkişafını dəstəklədiyini ifadə edən qonaq 2022-ci ilin iyul ayında Bakı Limanı ilə Qdansk Limanı arasında Anlaşma Memorandumunun imzalanmasını xatırlayıb.

 

Rəsmi qəbul çərçivəsində Səfirliyin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının dəstəyi ilə konsert proqramı təşkil olunub. Konsert proqramında Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyində “Qarabağ” muğam qrupu çıxış edib və qonaqların böyük rəğbətini qazanıb.

 

Konsert proqramından sonra Heydər Əliyev Fondunun hazırladığı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və görkəmli siyasi xadimin irsini əks etdirən foto sərgi nümayiş olunub.

Arxiv üzrə axtarış