Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü Varşavada qeyd edilib
26 iyun tarixində Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini və əməkdaşları, bu ölkənin Xarici İşlər Nazirliyi və Müsəlman Dini Birliyinin nümayəndələri, yerli ziyalılar, Azərbaycan icmasının üzvləri və Səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Nərgiz Qurbanova çıxış edərək qonaqları və həmvətənlərimizi salamlayıb və Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyinin böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirib. Ölkəmizdə müasir ordu quruculuğunun əsasının hələ 1970-ci illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan səfir bu prosesin dövlət müstəqilliyinin bərpasından sonra milli ordunun formalaşdırılmasına əsaslı zəmin yaratdığını bildirib.
Azərbaycan – NATO fəal əməkdaşlığına toxunan səfir bu gün Azərbaycan Ordusunun hərbi qüdrətinə görə Cənubi Qafqazda 1-ci, dünyada isə 57-ci yerdə qərarlaşdığını diqqətə çatdırıb. N.Qurbanova Azərbaycan Silahlı Qüvvələrinin dövrümüzün ən böyük hadisəsi olan 2020-ci il Vətən Müharibəsi dövründə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasında həlledici rol oynadığını qeyd edib. Ardınca səfir Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin baş qərargah rəisi olmuş general Maçey Sulkeviçin Azərbaycan və Polşanın milli ordusunda və “Armija Krayova”da mübarizə aparmış azərbaycanlı polkovnik Vəli bəy Yadigar Polşa üçün şərəfli fəaliyyətindən danışıb və onların qəhrəmanlıqlarını vurğulayıb.
Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini Adam Çeçura çıxış edərək Azərbaycan və Polşada böyük hörmətlə yad edilən polkovnik V.Yadigar və general M.Sulkeviçin şücaətindən danışıb. Azərbaycan və Polşa arasındakı mövcud əlaqələrin də yüksək səviyyədə olduğunu qeyd edən A.Çeçura Polşa kimi Azərbaycanın da Ukraynaya humanitar yardımlar göstərildiyini və bunun Polşa tərəfindən təqdirlə qarşılandığını bildirib.
Polşa müftisi Tomaş Miskeviç öz nitqində ölkələrimiz arasında münasibətlərin formalaşmasında tarixi əlaqələrin önəmini qeyd edib və general M.Sulkeviçin tatar əsilli olmasına diqqət yetirib. V.Yadigarın xidmətlərinə toxunan Polşa müftisi onun nəşinin 1990-cı ildə Polşa prezidentinin göstərişi ilə Argentinadan ölkəsinə gətirildiyini və Varşavadakı tatar-müsəlman məzarlığında dəfn edildiyini qeyd edib.
Sonda çıxış edən yazıçı, publisist, rejissor və müstəqil prodüser Yeji Lubax Azərbaycan və Polşa əlaqələrinin tarixindən danışıb və hər iki ölkə uğrunda vuruşmuş hərbiçiləri qeyd edib.
Ardınca Varşavanın Yuzef Polinski parkında azərbaycanlı polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyulub.
Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Polşanın ən nüfuzlu mətbuat orqanı olan “Reçpospolita” qəzetinin əlavəsi olaraq hazırlanmış xüsusi buraxılış qonaqların diqqətinə təqdim olunub.
Sonda iştirakçılar ziyafətə dəvət olunublar.