2024-02-24

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada anılıb

22 fevral 2023-cü il tarixində Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşavada Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Anım mərasimində Polşa Senatının, Prezident Administrasiyanın yüksək səviyyəli nümayəndələri, Polşanın dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, Polşa müftisi, ölkənin akademik, ictimai, dini, mədəni xadimləri, biznes nümayəndələri, o cümlədən Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz və tələbələr iştirak ediblər.

Mərasimdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.

İlk olaraq çıxış edən səfir N.Qurbanova 4 gündən sonra 32-ci ildönümü qeyd ediləcək Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük qırğın olduğunu diqqətə çatdırıb. Müharibədən öncə Xocalı şəhərinin 7000 sakininin olduğunu qeyd edən səfir 1991-ci ilin oktyabr ayından etibarən şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındığını, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə şəhərin müxtəlif istiqamətlərdən hücuma məruz qaldığını, yüzlərlə azərbaycanlının, o cümlədən qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirildiyini, minlərlə insanın yaralandığını və əsir götürüldüyünü, şəhərin yerlə-yeksan edildiyini bildirib. Əlavə edib ki, şəhərin 150 sakininin taleyi bu günədək məlum deyil.

Faciədən bir neçə gün sonra yayılan xəbərlər şəhərdə baş vermiş vəhşiliyin miqyasını üzə çıxarıb. Dünyanın nüfuzlu xəbər agentlikləri olan “Reuters”, “Independent” tərəfindən dərc olunan xəbərlərdə ermənilərin şəhəri tutduqdan sonra azərbaycanlılar tərəfindən çox sayda insan dəfn edildiyi qeyd olunub. Avstraliyanın “The Age” qəzeti yazıb ki, “qurbanların dəqiq sayı hələ də bəlli deyil, lakin ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Ermənistan ordusu tərəfindən azərbaycanlı mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə çox az şübhə ola bilər”.

Səfir N.Qurbanova Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamın beynəlxalq aləmdə rezonans doğurduğunu vurğulayaraq, Ermənistanın bu davranışının bir sıra milli parlamentlər, beynəlxalq təşkilatlar, tanınmış beynəlxalq hüquqşünaslar, xarici jurnalistlər, hüquq müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən soyqırım aktı və ya insanlığa qarşı cinayət kimi qiymətləndirildiyini bildirib. 11 mart 1992-ci il tarixində – qırğından bir neçə həftə sonra Avropa Şurası Nazirlər Komitəsi tərəfindən verilən bəyannamədə Azərbaycanda “qətllər və qəddarlıqlar barədə son xəbərlərdən dərin narahatlıq” ifadə olunub, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin mülki əhalisinə qarşı yönəlmiş hücum və zorakılıqlar qətiyyətlə pislənilib. Səfir eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinin Xocalıda törədilən qətliamın “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlərə bərabər ola biləcək xüsusi ağırlıqlı hərəkətləri” əhatə etdiyi qənaətinə gəldiyi barədə məlumat  verib.

Xocalıda törədilmiş cinayətlərin Ermənistanın geniş yayılmış və sistemli siyasətinin tərkib hissəsi olduğunu qeyd edən N.Qurbanova Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin bir çox başqa kənd və şəhərlərində də dinc sakinlərin analoji qırğınlara məruz qaldığını söyləyib. 2020-ci ildə işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistanın beynəlxalq hüquq normalarını pozmasının miqyası, müxtəlifliyi və ardıcıllığına dair tutarlı sübutlar olduğu qeyd olunub. Dağıntıların, vandalizmin və talanların miqyasının görünməmiş dərəcədə olduğuna diqqət çəkən səfir bu ərazilərdə çoxlu sayda kütləvi məzarların aşkar olduğunu xüsusilə vurğulayıb.

Sonda səfir münaqişə zamanı törədilmiş beynəlxalq humanitar hüquq və insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı həqiqətin müəyyən edilməsi, qurbanlara adekvat və effektiv kompensasiyaların verilməsi və bu cür pozuntuların təkrarlanmasının qarşısının alınması üçün institusional tədbirlərin görülməsi zərurətinin regionumuzda dayanıqlılığın və sülh və uzunmüddətli sabitliyin ilkin şərtlərindən olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov Azərbaycan və Polşa arasında münasibətlərə toxunaraq ölkələrimiz arasında münasibətlərin tarixinin XV əsrə dayandığını qeyd edib. O, Ağqoyunlu dövləti ilə o dövrdə Polşanı idarə edən Yagellon sülaləsi arasında əlaqələrin 1472-ci ildə qurulduğuna diqqət çəkib. Sonrakı dövrlərdə də polyakların Azərbaycan mədəniyyətinə və memarlığına verdiyi töhfələrdən və öz növbəsində, azərbaycanlıların da Polşa mədəniyyəti və ədəbiyyatında rolundan bəhs edib.

Xalqlarımız arasında güclü tarixi əlaqələrə istinad edən sədr çoxlu sayda soydaşlarımızın Polşada yaşadığını bildirib. Onlar xüsusilə İT, maliyyə, bank işi və istehsal sahələrində Polşa iqtisadiyyatına öz töhfələrini verirlər. Soydaşlarımız Polşada həyatın bütün sahələrində yaxşı təşkilatlanaraq və inteqrasiya olunaraq iki ölkə arasında körpü rolunu oynayırlar.

F.Muradov anım gecəsində ifa edəcək orqan ifaçısı barəsində qısa məlumat verərək bildirib ki, Azərbaycan diasporunun dəyərli üzvü C.Cavadova-Şpitsberq orqan ifaçılığı üzrə doktorluq dərəcəsi olan ilk Azərbaycan musiqiçisi olduğunu vurğulamış, ABŞ-da karyerasını davam etdirən musiqiçini “şərq ifaçısı ruhuna malik klassik qərb musiqiçisi” kimi təsvir edib.

O, Xocalı faciəsinin Ermənistanın etnik azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı olduğu, bu soyqırımı nəticəsində 613 dinc sakinin vəhşiliklə qətlə yetirildiyi barədə məlumat verib. “Xocalı” sözü sonsuz ədalətsizliyin, vəhşiliyin nümunəsi olub hər ölümün arxasında bir həyat hekayəsini, dağılmış xəyallar və həyata keçməmiş arzuları ehtiva edir. F.Muradov bu qırğını Katın, Holokost, Srebrenitsa və Ruandadakı soyqırımlarla müqayisə edib.

Sədr əlavə edib ki, Xocalı soyqırımı Azərbaycan xalqını sarsıtsa da, xalqımız həmişə dik durmağı bacarıb, Vətən uğrunda vuruşmağa, əzəli torpaqlarını geri qaytarmağa nail olub. O, 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının dövlət bayrağını Xocalı şəhərində qaldırdığını qürurla qeyd edərək, ölkəmizin öz suverenliyini tam bərpa etdiyini böyük fəxr hissi keçirdiyini diqqətə çatdırıb.

Sədr xalqımızın hazırkı missiyasının Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətdən ədalət tələb etmək və gələcəkdə belə faciələrin qarşısını almaq olduğunu xüsusilə vurğulayıb. Bununla bağlı Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün bir çox tədbirlər və kampaniyalar həyata keçirilir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyasının Xocalı və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün perspektivli strategiya olduğunu qeyd edib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin Azərbaycan diasporu tərəfindən hər il dünyanın müxtəlif ölkələrində yad olunduğunu, yerli ictimaiyyətlərə qətliam barədə məlumatlar verildiyini vurğulayıb: “Sevindirici haldır ki, son illərdə bir neçə ölkə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması kampaniyasına dəstək veriblər. O bildirmişdir, bu dəstək bizi ədalətə ümid etməyə sövq edir, bu soyqırımı içimizdə dərin yaralar açsa da, əsas məqsədimiz qonşu dövlətlərlə sülh şəraitində yaşamaqdır”. Bu baxımdan F.Muradov tezliklə sülh sazişi imzalanacağına ümid etdiyini ifadə edib.

Sədr Xocalıya ədalət kampaniya çərçivəsində xaricdə yaşayan azərbaycanlıların, o cümlədən Polşada yaşayan soydaşlarımızın hər il müxtəlif formatlarda tədbirlər təşkil etdiyini, diaspor təşkilatlarımızın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün bəyanatlarla çıxış etdiyini qeyd edib, bu baxımdan Polşada Azərbaycan diasporunun gördüyü işlərin təqdirəlayiq olduğunu əlavə edib. Polşada ilk Azərbaycan Evinin 2019-cu ildə Varşavada açıldığını bildirən F.Muradov bu ölkədə növbəti Azərbaycan Evinin tarixi və gözəl Krakov şəhərində fəaliyyətə başlayacağını əlavə edib.

Mərasimin mədəni hissəsində Azərbaycan-Amerikan Musiqi Fondunun təsisçisi və icraçı direktoru, tanınmış azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberqin ifasında orqan musiqisi konserti baş tutub. Konsert proqramında istedadlı ifaçı tərəfindən Azərbaycan, polyak və dünya bəstəkarlarının musiqi əsərlərindən ibarət seçmələr təqdim olunub.

Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna halva çalınaraq qonaqlara təqdim olunub.

Arxiv üzrə axtarış